Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Cənubi Qafqaz-Mərkəzi Asiya birliyi bu gün böyük bir coğrafiyada həyata keçirilən iqtisadi, siyasi, enerji və tranzit, təhlükəsizlik kimi mühüm sahələri əhatələyən meqalayihələrə dair çox böyük perspektivlər vəd edir. Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri sözügedən istiqamətlərdə tək iki dövlət arasında yox, həm də iki böyük region arasındakı əlaqələrin dərinləşdirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Səfər proqramı
Qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstana rəsmi dövlət səfəri mühüm məqamları ilə yadda qalıb. Dövlət başçısının hava limanında şəxsən qazax həmkarı Kasım-Jomart Tokayev tərəfindən qarşılanması Astananın bu ziyarətə verdiyi önəmin göstəricisi idi. Dövlət başçısı səfər çərçivəsində Kasım-Jomart Tokayevlə təkbətək görüşüb. Astanada dövlət başçılarının iştirakı ilə "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim olunub. Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi keçirilib. Daha sonra Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası reallaşıb. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində də olublar.
Etibarlı strateji tərəfdaşlıq
Dövlət başçıları mətbuata birgə bəyanatla da çıxış ediblər.
Prezident Kasım-Jomart Tokayev bildirib ki, ölkələrimiz ümumi köklərə və tarixə malikdir:
"Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur".
Prezident İlham Əliyev isə bildirib ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir:
"Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib".
Əmtəə dövriyyəsini bir milyard dollara çatdırmaq hədəfi
Ölkə liderləri ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraraq bir milyard dollara çatdırmağı hədəfləyirlər. Kənd təsərrüfatı, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində əməkdaşlıq dərinləşdiriləcək. Müştərək müəssisələrin yaradılması, birgə layihələrin hazırlanması da plandadır. Qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyəti də aktivləşdiriləcək.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu
Təbii ki, iki ölkə arasında danışıqlarda ən mühüm məqamlardan biri tranzit dəhlizlərlə bağlı olub. Bunun məntiqi nəticəsi olaraq dövlət başçıları Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişini nəzərdən keçiriblər. Xatırladaq ki, keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4.5 milyon ton təşkil edib. Bu il isə artım hələlik iki faizdir. Tərəflər Orta Dəhlizin mühüm tərkib hissəsi sayılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirlər. Proqnozlara əsasən, görüləcək işlər sayəsində sözügedən istiqamətdə yükdaşımaların həcmi 10 milyon tona çata bilər.
Son üç ildə yeddi səfər
Qeyd edək ki, son üç il ərzində Prezident İlham Əliyev Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər ediblər. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir. İki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığı özündə ehtiva edən 170 sənəd imzalanıb. Onların arasında Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə xüsusi vurğulanmalıdır. Bu sənəd Azərbaycan-Qazaxıstan münasibətlərinin hansı səviyyədə olduğunu bir daha özündə ehtiva edir.
İqtisadi-ticari münasibətlər
İqtisadi-ticari münasibətlərə gəldikdə isə, bu istiqamət dövlətlərarası əlaqələrdə xüsusi önəm daşıyır. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində ardıcıl birgə təşəbbüslər həyata keçirir və əməkdaşlığı davamlı olaraq genişləndirir. Bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, bu göstərici 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb.
Bundan əlavə, Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki illə müqayisədə 20 faiz artaraq 3.5 milyon tondan çox olub.
Göründüyü kimi, artıq Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni bir format almaqdadır. Bu platformada üstünlük, təbii ki, iqtisadi inteqrasiya, sülh və sabitlik, təhlükəsizliyin təmini, beynəlxalq aləmdə vahid mövqenin sərgilənməsi, ən əsası isə qarşılıqlı hörmət və birgə maraqların nəzərə alınmasına verilib.