418
15:45, Bu gün

"Tramp həm Putinə, həm də Zelenskiyə təzyiq göstərərək onları sülh masası arxasına oturtmaq niyyətindədir" - ABŞ-ın NATO-dakı səfiri

 
"Bu, heç kimə qalibiyyət gətirməyən qəddar səngər müharibəsidir və ona son qoyulmalıdır..."
 
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün həm Rusiya prezidenti Vladimir Putinə, həm də Ukrayna lideri Vladimir Zelenskiyə eyni anda təzyiq göstərmək niyyətindədir. 
 
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Metyu Uitaker "Newsmax" kanalına açıqlamasında bildirib. Məlumatı "strana.one" nəşri yayıb.
 
Trampın səbr kasası doldu
Uitakerin sözlərinə görə, Tramp artıq Putinin deeskalasiyadan imtinasına qarşı səbrini itirir və hər iki tərəfi danışıqlar masasına gətirmək üçün yeni yollar axtarır: "Bu, heç kimə qalibiyyət gətirməyən qəddar səngər müharibəsidir. Prezident Tramp həm Putinə, həm Zelenskiyə təzyiqi davam etdirmək, hər iki tərəfi atəşkəs razılaşmasına oturtmaq istəyir. O, bu mənasız qırğını dayandırmaqda qərarlıdır".
 
Uitaker əlavə edib ki, Putinin son on ayda cəbhədə heç bir strateji irəliləyiş əldə etməməsi və minlərlə itki verməsi Vaşinqtonda vəziyyətin sonsuz dövrəyə düşdüyü təəssüratını yaradıb. Buna görə də Tramp, "səbrini tükədən bir lider kimi", müharibəyə son qoymaq üçün əlindəki bütün kartları oynamağa hazırlaşır.
 
ABŞ və Avropadan sanksiya dalğası
 
Tramp administrasiyası oktyabrın 22-də ilk dəfə olaraq Rusiya neft nəhəngləri - "Rosneft" və "Lukoyl" şirkətlərinə qarşı miqyaslı sanksiyalar elan edib. ABŞ Maliyyə Nazirliyi bu şirkətlərin və onların törəmə qurumlarının bütün aktivlərini dondurub, Amerika hüquqi şəxslərinə onlarla işləməyi qadağan edib.
The Telegraph bu addımı "Rusiya iqtisadiyyatına vurulan yavaş təsirli zəhər" adlandırıb: "Bu sanksiyalar ani təsir göstərməyəcək, lakin zamanla Rusiyanın enerji gəlirlərini boğacaq". Eyni zamanda, Avropa İttifaqı da ABŞ-la paralel şəkildə hərəkət edib. "The New York Times" yazır ki, Aİ 150 milyard dollarlıq yeni hərbi və maliyyə paketi ilə Ukraynaya dəstəyini iki il müddətinə uzadıb və "Rosneft" ilə "Lukoyl"u əhatə edən 19-cu sanksiya paketini qəbul edib.
 
Bundan başqa, Brüssel dondurulmuş Rusiya aktivlərindən 140 milyard avro həcmində kredit fondu yaratmaq niyyətindədir. Məqsəd - Kiyevin müdafiəsini uzunmüddətli əsasda təmin etməkdir. Analitiklər bu addımları "Avropanın inadkar və prinsipial mövqeyi" kimi qiymətləndirir, çünki blok artıq Vaşinqtonun sanksiya siyasətində də təşəbbüskar tərəf rolunu oynayır.
 
Putindən sərt reaksiya və "Tomahavk" hədəsi
 
Rusiyanın reaksiyası gözlənilən kimi sərt olub. Prezident Vladimir Putin ABŞ-ın uzaqmənzilli "Tomahavk" raketlərinin Ukraynaya verilməsi ehtimalına kəskin cavab verərək deyib: "Əgər bu raketlərlə Rusiyanın ərazisinə zərbələr endirilsə, cavabımız ciddi, bəlkə də heyrətləndirici olacaq".
 
Putin məsələni "qəsdən eskalasiya cəhdi" adlandırıb və bildirib ki, "Rusiyanın ABŞ-la əməkdaşlıq üçün çox sahələri var, lakin bunun üçün təzyiqdən deyil, dialoqdan başlanmalıdır".
 
Tramp isə "The The Wall Street Journal"- da yer alan məlumatları "feyk" adlandırsa da, müşavirləri bildirir ki, o, artıq Putinin vaxt udmaq siyasətindən bezib. Prezident üç sanksiya planı arasından orta sərtlikdə variantı seçib - çünki hələ də Rusiya ilə razılaşma imkanı buraxmaq istəyir.
 
Ancaq müşahidəçilər qeyd edir ki, bu dəfə Trampın tonunda fərq hiss olunur: əvvəlki kimi Putinə inamdan çox, narazılıq və tələskənlik ön plandadır. Bu, onun diplomatiyasında dönüş nöqtəsi - həm Moskvaya, həm də Kiyevə yönələn paralel təzyiqlərin başlanğıcı ola bilər.
 
Savaşın növbəti mərhələsi
 
Beləliklə, Qərb cəbhəsində vahid mövqenin formalaşdığı görünür: ABŞ və Aİ Rusiyanın enerji sütunlarına eyni vaxtda zərbə endirir, Tramp isə həm Putinə, həm Zelenskiyə "sülh masası" çağırışı göndərir. Moskva hələ ki, geri çəkilmək niyyətində deyil və "Tomahavk" kimi uzaqmənzilli silahların müharibəni yeni fazaya daşıya biləcəyi barədə xəbərdarlıq edir. Amma hər şeyə rəğmən, Trampın məqsədi aydındır - bu "mənasız və sonsuz" savaşa nöqtə qoymaq.
Link kopyalandı!
Son xəbərlər