
Düşünürəm ki, "Brüssel prosesi" adlandırılan təşəbbüs optimist və pozitiv bir vasitə idi, hər iki ölkənin liderlərinə bir-birinə yaxınlaşmaq üçün mümkün addımları və qərarları müəyyənləşdirməkdə yardım edən bir alət idi və bir daha qeyd etmək istəyirəm ki, qarşıdakı həftələr və aylar son nailiyyətlərin möhkəmləndirilməsi və onların davamlı olmasını təmin etmək baxımından son dərəcə mühüm olacaq.
- Aİ Şurasına prezidentliyiniz dövründə liderlərlə görüşlər təşkil edərkən üzləşdiyiniz çətinliklər barədə də məlumat almaq istərdik.
- Bilirsiniz, hər hansı münaqişə və ya fikir ayrılığı zamanı, səbəbindən asılı olmayaraq, başlanğıc nöqtə tərəflərin bir-birinə etimadsızlığı olur. Qarşı tərəfə etibar etmədikdə irəliləyiş üçün atıla biləcək konkret addımları müəyyənləşdirmək çətinləşir. Mən vasitəçilik fəaliyyətimə başladığım ilk vaxtlardan başa düşdüm ki, ən azı minimal etimad və inam bazasını yenidən qurmağa kömək etmək vacibdir. Bu isə asan deyildi. Bəzən həddindən artıq çətin idi. Amma, eyni zamanda, qətiyyət nümayiş etdirmək də çox vacib idi. Mənim təəssüratıma görə, bu gün hər iki tərəfdə atılmış qərarlar çox cəsarətli addımlardır və bu qərarlar səmimi şəkildə irəliləyişə və sülh yanaşmasının möhkəmlənməsinə yönəlmiş iradəni göstərir.

- Azərbaycan artıq Ermənistana qarşı blokadanı aradan götürüb. Buna nümunə olaraq Qazaxıstandan taxılın Ermənistana Azərbaycan üzərindən aparılmasını göstərmək olar. Bu irəliləyişə münasibətinizi öyrənmək istərdik.
- Bu qərar çox mühüm addımdır, çünki bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi. Amma bu gün bu qərar artıq qəbul olunub - bu, real və konkret bir faktdır. Mən başa düşürəm ki, bu gün də hələ müəyyən çətinliklər və həssas məqamlar var və biz bunun fərqində olmalıyıq. Lakin belə qərarların qəbul edilməsi, məncə, ümidverici bir siqnaldır. Arzum budur ki, qarşıdakı aylarda hər iki tərəf bu istiqamətdə əlavə səylər göstərərək sülh yolunu geridönməz etsin.