“Ofeliya və Kəmalə heç kimdən əskik oxumur, yazıq neyləsin ki, corabla gündəmdə qaldı” - FOTO+ÖZƏL
1093
24 Oct 2025 | 11:17

“Ofeliya və Kəmalə heç kimdən əskik oxumur, yazıq neyləsin ki, corabla gündəmdə qaldı” - FOTO+ÖZƏL

“Xalq Ofeliya Şabanova və Kəmaləni sevir. Sevməsə niyə toyuna aparsın ki? Camaat niyə bu qədər pulunun başından keçib, onları toya dəvət edir? Demək ki, nəsə var onlar da gündəmdədirlər də. Çox şükür! Allah qazanclarını daha da bol etsin. Bir məsəl var,  deyir ki, “Qonşu üçün iki inək istə ki, Allah birini də sənə versin”. İnan ki, o paxıl adamlar heç vaxt artmırlar. Ona-buna çamur atırlar, amma özləri çamurun içində boğulanlardır. Mən belə düşünürəm”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.
 
O daha sonra bildirib ki, adları çəkilən məşhurları restoranına dəvət etdiyi üçün bəzi həmkarları qıcıqlanıb:
 
“Kəmalə Günəşli və Ofeliya Şabanovanı restoranıma dəvət etdiyimə görə bəzi həmkarlarımda qıcıq yaranıb. Bunu başa düşə bilmirəm? Bəlkə kimdənsə əskik oxuyurlar? Bəlkə hansısa sənətçilərdən xanımlıqları əskikdir? Niyə qıcıq yaradırlar ki? Qıcıq yaradan sadəcə paxıllıqdır. Başqa bir şey görmürəm. İstər Ofeliya, istərsə də Kəmalə olsun, efirdə nəyi deyiblər onu oxuya bilməyiblər? Elə gözəl də oxuyurlar ki. Ürəyin istəyən kimi. Çox gözəl oxuyurlar və sevilirlər. Şəxsən mən onların xarakterlərini də, insanlıqlarını da, oxu tərzlərini də bəyənirlər. Mənim üçün sənətkarlıqdan da öncə insanlarda səmimiyyətdir. Onların ikisində də bunu görmüşəm. Bu paxıllıqdan başqa bir şey deyil”.
Zülfiyyə İbadova Ofeliya Şabanovanı müdafiə etməkdən də çəkinməyib:
 
“Ofeliya niyə qalmaqal etməsin ki? Yazıq bu qədər oxudu. Özü də həm muğam, həm rok, həm caz, həm də estrada oxuyur. Bu qədər oxudu, amma corabla gündəmə gəldi. Onda gördülər ki, sən demə bu nə gözəl oxuyurmuş, biz bunu niyə dinləməmişik? Sizin qabağınızı Ofeliya kəsdi? Vaxtında dinləyərdiniz də! Qalmaqal da ondan irəli gəlir ki, o deyir niyə məni belə tanıyırsınız? Axı mənim sənətim var. Həqiqətən də var axı. Şəxsən mən Ofeliyanı bəyənirəm. Onu bəyənməyənin yəqin ki, sənətdən başı çıxmır. Gündəmi televiziyalar yaradır. Corabı paylaşmayaydız səsi paylaşardınız, elə qalardı gündəmdə”.
 
Zülfiyyə xanım ustad aşıqlardan da söz açıb:
 
“Qadın aşıqlarımız əslində az deyil. Bəlkə də hansısa bölgələrdə bilmədiyimiz qadın aşıqlar var. Sadəcə olaraq efir məkanına gəlib çıxa bilmirlər. “Aşıq gördüyünü çağırar”. O nəyi görürsə doğruları deməlidir. Sən aşığı əqidəsindən döndərə bilməzsən. Bizim ustad aşıqlarımız qan barışdıran olublar. Aşıqların üzü hörmətinə davanı bitiriblər. Mən də bu söhbətləri ustad aşıqlardan eşitmişəm. Əsl aşıq belə olmalıdır” deyə xanım aşıq bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər