Rövşən Rzayev iclas keçirdi - Tapşırıqlar verdi
993
24 Oct 2025 | 09:40

Rövşən Rzayev iclas keçirdi - Tapşırıqlar verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. 
 
Moderator.az xəbər verir ki, bu il beşinci ildönümü qeyd olunacaq Böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanmış bərpa-quruculuq işlərinin hazırda daha da genişləndirildiyini, həmin ərazilərə Böyük Qayıdışın uğurla həyata keçirildiyini vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev artıq bölgəmizdə möhkəm və davamlı sülhün təməlinin qoyulduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının sülh təşəbbüslərinin Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdiyi bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
 
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, komitənin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib. 
 
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır. 
 
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər