Kamran Əliyev Braziliyadakı tədbirdə iştirak etdi - FOTOLAR
681
11:50, Bu gün

Kamran Əliyev Braziliyadakı tədbirdə iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya səfərə gedib.
 
Moderator.az xəbər verir ki, 22 oktyabr 2025-ci ildə Belem şəhərində COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.
 
Tədbirin açılış mərasimində çıxış edən Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.
 
Paulo Qonet, həmçinin, Azərbaycan Respublikasına COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü ifadə edib.
 
Plenar iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.
 
Çıxış zamanı dövlətimizin başçısının 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
 
Baş prokuror, həmçinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ), Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib. 
 
Qeyd edib ki, 2024-cü ilin 15 noyabrında COP29 çərçivəsində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib və tədbirdə 200-dən çox xarici və yerli nümayəndə iştirak edib.
 
Tədbir çərçivəsində “Belem Bəyannaməsi” qəbul edilib. 
 
Bəyannamədə prokurorluq orqanlarının ətraf mühitin qorunması, iqlim ədalətinin təmin olunması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı vəzifələri əksini tapıb.
 
Plenar iclasdan sonra Baş prokuror Braziliyanın aparıcı televiziya kanallarına müsahibə verib. 
 
Müsahibə zamanı Azərbaycan Prokurorluğunun iqlim cinayətləri ilə mübarizə sahəsində topladığı təcrübə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin vacibliyi, həm ölkələr, həm də prokurorluq orqanları arasında sıx əlaqələrin və etimad mühitinin mövcud olması, eləcə də ölkə rəhbərlikləri səviyyəsində əməkdaşlığın yüksək səviyyədə qurulması vurğulanıb.
 
Bundan başqa, Baş prokuror COP29 çərçivəsində Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirin sonunda qəbul olunan “Baku Call to Action” sənədini xatırladaraq, həm bu təşəbbüsün, həm də “Belem Bəyannaməsi”nin qlobal miqyasda iqlim ədalətinin təmininə və ekoloji cinayətlərə qarşı birgə səylərin artırılmasına mühüm töhfə verdiyini qeyd edib.
Link kopyalandı!
Son xəbərlər