Bizi sosial şəbəkələrdən izləyin:
"İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini görüşü baş tutdu. Bu görüşə hər iki ölkənin hökumətləri də dəstək verdi. Təşkilatçılıq baxımından hər iki hökumət təşəbbüs göstərdi. Beləliklə, 25-30 ildən sonra ilk dəfə olaraq Azərbaycan hava yollarına məxsus (AZAL) sərnişin təyyarəsi İrəvana eniş etdi".
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin görüşündə iştirak edən politoloq Fərhad Məmmədov deyib.
Politoloq bu görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirdi: “Onsuz da beynəlxalq tədbirlər çərçivəsində xarici təşkilatçıların təşəbbüsləri ilə baş tutan tədbirlərdə Ermənistandan olan ekspertlərlə görüşlərimiz olurdu. İrəvanda isə baş tutan bu görüş sırf ikitərəfli formatda baş tutdu. Burada təşkilatçılıq, təşəbbüs və iştirakçılıq baxımından görüşün keçirildiyi məkanda üçüncü tərəf iştirak etmirdi”.

Fərhad Məmmədova görə, avqustun 8-də Vaşinqton görüşündə (Azərbaycan, ABŞ və Ermənistan) əldə edilən razılaşmalardan sonra elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır: “Artıq elə bir tarixi şərait formalaşıb ki, vətəndaş cəmiyyəti inistutlarının təmsilçiləri, ekspertlər və media səviyyəsində də müəyyən müzakirələr, birgə fəaliyyətin təşkili aktuallaşıb. Belə olan halda məhz bu dövrü qiymətləndirərək belə bir addım atıldı. Ümid edirik ki, bu format davamlı olacaq və bu tipli görüşlərin təşkili artıq bir normaya çevriləcək. Diplomatik və iqtisadi müstəvidə olduğu kimi vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində ikitərəfli format qorunub saxlanılacaq”.

Qeyd edək ki, 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli formatda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.