Soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaları Ermənistanın da xeyrinədir; sadəcə...
Erməni mediasının Göyçə mahalından hazırladığı reportaj Azərbaycanın tarixi torpaqlarında real mənzərə ilə tanış olmaq baxımından diqqət çəkir. Publika.az xəbər verir ki, hetq.am saytı Qerqkunik (Göyçə) rayonunun Kaxek kəndindəki vəziyyəti işıqlandırıb.
2022-ci il sentyabr döyüşlərində nəzarəti bərpa etdiyimiz mövqelər Kaxek kəndi də daxil olmaqla, bölgəni izləmək imkanı yaradır. İkincisi, Kaxek kəndində, ümumilikdə sərhədyanı bölgələrdə erməni əhalisinin sürətlə azalmasıdır.
Əslən Qərbi Azərbaycandan olan politoloq Əli Orucov “Yeni Müsavat”a açıqlamasında ermənilərin işğal etdikləri torpaqlarda əbədi qalacaqlarını və həmin ərazilərdən istədikləri kimi istifadə edəcəklərini zənn etdiklərini deyir. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan Ordusu 44 günlük müharibədə onların hesablamalarının yanlış olduğunu isbat edib: “Erməni cəmiyyəti hələ də keçmişin nostalgiyasından tam çıxa bilməyərək, ələ keçirdiklərinin onlara məxsus olmadığı reallığını sinirə bilmir”.

Politoloq onu da qeyd etdi ki, ermənilərdə türk qorxusu, türk düşmənçiliyi, milli, dini ayrı-seçkilik, özlərinə vurğunluq hələ də qalmaqdadır: “Aşılanan, beyinlərinə yeridilən həmin ideologiya, təbliğat nəticədə kənar güclərin dəstəyi ilə qurduqları Ermənistan adlı dövləti məhvə aparır. Əhali sürətlə azalır, doğum səviyyəsi düşür, dolanışıq və təhlükəsizlik qayğısına qalanlar ölkəni tərk edir, yaşayış məskənləri boşalır. Xüsusən də Azərbaycanla sərhəd bölgələrdə yaşayan ermənilər digər yerlərə daha çox üz tuturlar”.
Politoloqun fikrincə, Ermənistan yekun sülh sazişinin imzalanması üçün son əngəli aşmalı, öz konstitusiyasının bəzi mürtəce müddəalarını dəyişməli və xalqı bundan daha çox Ermənistanın bəhrələnəcəyinə inandırmalıdir: “Azərbaycanın Ermənistana tranzit daşımalarına qoyduğu məhdudiyyətin götürülməsi üçün atılan humanist addıma adekvat cavab verilməlidir. Bu təkcə Paşinyanın təşəkkürü ilə kifayətlənməməli, əməli addımlarda özünü təsdiqləməlidir.
Ermənistandan da tələb olunur ki, oradan deportasiya edilmiş soydaşlarımızın ləyaqətli və təhlükəsiz qayıdışını və yenidən məskunlaşmasını təmin etsin. Belə bir öhdəlik götürsün ki, azərbaycanılıarın erməni cəmiyyətinə reinteqrasiyasında problemlər olmayacaq və onlar heç bir milli, dini ayrı-seçkiliyə mərzu qalmayacaqlar, bərabərhüquqlu olacaqlar".
Müsahibimizin sözlərinə görə, azərbaycanlıların öz torpaqlarına qayıtması Ermənistan üçün müsbət nəticələr doğuracaq: “İlk növbədə, bu, Ermənistanın iqtisadiyyatına güclü təsir göstərəcək, xüsusən də kənd təsərrüfatının, ticarətin canlanmasına gətirib çıxaracaq. İnteqrasiyanın tempinə olumlu təsir göstərir. Digər tərəfdən, bu, Ermənistanın təhlükəsizliyi üçün da önəm daşıyardı. Orada yenidən məskunlaşacaq qərbi azərbaycanlılar regionun güclü dövlətləri olan və şərtləri diqtə edən Azərbaycan və Türkiyə ilə bağların qurulmasına və möhkəmlənməsinə stimul verəcək faktora çevriləcək, əlverişli ortam yaradacaq. Ermənilər bu müsbət tendensiyaları görəndən və həyatlarında hiss etdikdən sonra xaricə miqrasiya da azalacaq ki, bu da Ermənistanın demoqrafik vəziyyətinin sabitləşməsi üçün vacib amildir. İrəvanın xarici ölkələrdən, əsasən də Rusiyadan asılılğı minumuma enəcək. Moskva həmişə erməniləri türklərin və azərbaycanlıların onları qırıb məhv edəcəyi ilə qorxudurdu və yaratdığı həmin xofla da özündən asılı vəziyyətə salırdı. Qərbi azərbaycanlıların öz yurd-yuvalarında yenidən məskunlaşması Kremlin əlindən həmin "qorxu aləti"ni də alacaq. Ermənistan və ermənilər Türkiyə və Azərbaycan üzərindən xarici aləmə, xarici bazarlara maneəsiz və əlverişi çıxış əldə edəcəklər. Təhlükəsizlik qarantiyasını da Qərb paytaxtlarında və Moskvada ağır şərtlər altında deyil, Bakı və Ankaranın əməkdaşlığa və qonşuluğa əsaslanan təminatı ilə alacaq. İstənilən halda qərbi azərbaycanılar öz ata-baba yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, qərbi azərbaycanlılar öz torpqlarına minik avtomobillərində qayıdacaq. Fikrimcə, tankların üzərində qayıtmaq da gündəlikdən çıxmayıb. Bu, Ermənistanın davranışlarından və atacağı addımlardan, yürüdəcəyi siyasətdən bilavasitə asilı olacaq".