Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
388
14:40, Bu gün

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, Nazir Ceyhun Bayramov və nazir Marqus Tsahkna arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
 
Görüşlərdə Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
 
Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb.
 
BMT, ATƏT və Avropa İttifaqı təsisatları çərçivəsində ölkələrimizin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
 
Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün böyük potensialın mövcud olduğu bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb.
 
Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və bağlantılar sahələrində əməkdaşlığın tam potensialından faydalanmaq üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb.
 
Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri və sülh müqaviləsinin paraflanmasının tarixi əhəmiyyəti qeyd edilib.
 
Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyi vurğulanıb.
 
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
 
12:27
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
 
C.Bayramov estoniyalı həmkarını Nazirliyin binasında qarşılayıb.
 
Daha sonra iki nazirin görüşü başlayıb.
 
Ardınca Azərbaycan və Estoniya xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub.
 
Müzakirələr zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib.
 
Gündəlikdə həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam şəkildə istifadə olunması, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.
 
Nazirlər eyni zamanda daha geniş regional vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə ediblər, avqustun 8-də keçirilən Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini xüsusi vurğulayıblar.
Link kopyalandı!
Son xəbərlər