“2012-ci ildə universiteti bitirmişəm və həmin ildən də teatr sahəsində çalışıram. Əvvəlcə Bakı Estrada teatrında çalışırdım, ora bağlanandan sonra - 2017-ci ildə Bakı Uşaq və Gənclər teatrına gəlmişəm. Aktrisa Könül Şahbazova ilə eyni dövrdə təhsil almışıq. O mənim məktəbdə hazırladığım bir nağıl tamaşanı izləmişdi və çox bəyənmişdi. Məni dəvət etdi, gəldim İntiqam müəllimlə görüşdüm və o da özümü göstərməyə mənə şans verdi. 9 ildir ki, həmin teatrda çalışıram. 2027-ci ildə 10 ilim tamam olacaq. Başqa aktyorları deyə bilmərəm, amma mənə elə gəlir ki, sırf uşaq tamaşaları oynamaq üçün bu sənəti seçmişəm. Həyat mənə görə uşaqların alqışlarındadır. Təbii ki, böyüklərdən çox uşaqları razı salmaq, güldürmək çox çətindir. Mənə görə Bakı Uşaq və Gənclər teatrı bunu çox gözəl və məharətlə bacarır”.
Bunu Moderator.az-a açıqlamasında aktrisa Gülər Ləzgiyeva deyib.
O daha sonra əlavə edib:
“Mənə görə teatr başqa bir aləmdir, məbəddir. Orada çalışan aktyorun tanınıb yaxud tanınmaması bir önəm daşımır. Təbii ki, bu dövrdə aktyorun tanınması əlavə pul, qazanc deməkdir. Teatrı gərək buna görə tamam başqa yerə qoyaq. Mən şəxsən öz adıma deyirəm ki, tanınmaq mənim üçün elə də vacib deyil. Məni əsas odur ki, uşaqlar tanıyır. Buna görə çox xoşbəxtəm. Mən özüm bir müddət magistr təhsili üçün Polşaya getmişdim. Sadəcə olaraq yarımçıq qoyub, geri qayıtmalı oldum. Bunun səbəblərindən biri də teatr idi. Orada olduğum müddətdə bütün teatrları gəzdim. Mən çox təəssüf edirəm ki, ölkəmizdə sırf teatrın özünü yetərincə təbliğ etmirlər, diqqət ayırmırlar. Amma çox da ümidliyəm. Ümid edirəm ki, biz də Avropa standartlarına uyğun olaraq nə vaxtsa teatrı ön plana çəkərik”.
Sənətçi bildirib ki, hazırda çox şəraitsiz bir teatrda çalışır:
“Mən Biləcəridə qalıram, teatra gedib çatmaq üçün Qaraçuxura 2 saat yol gedirəm. Bəzən elə olur ki, tamaşalarımızı səhər saat 10-a salırlar. Çox erkən vaxtda yola çıxırıq. Yoldakı o şərait, tıxac adamı ruhdan salır. O uşağa da axı enerjini ötürmək lazımdır. Əlimizdən gələni edirik, amma binamız olsa ən azından özümüzü həqiqətən bir aktyor kimi hiss edərik. Qrim otağımız da olar. Demək olar ki, xanımlar bir otaqda, bəylər bir otaqda oluruq. Orada həm əynimizi dəyişirik, həm toplaşırıq, həm də rollarımıza hazırlaşırıq. Həqiqətən də çox pis vəziyyətdir. Şəraitsizlik bizi yorur. Edəcəyimizin 50 faizini edə bilirik. İnşallah ki, bizi də görərlər. Həqiqətən də istərdim ki, bizim öz binamız olsun və daha gözəl işlərə imza ataq”.
Gülər Ləzgiyeva kino və seriallara çəkilməməsi ilə bağlı suala belə cavab verib:
“Bu günə qədər kino və seriallarda çəkilməməyimin səbəbini özüm də bilmirəm. Rusiya istehsalı ekran işində rol almışam. Ola bilsin ki, rejissorlar hələ də məni kəşf etməyiblər. Kəşf etsəydilər dəvət edərdilər”.