"Trampın vasitəçiliyi ilə aparılan danışıqlar sülhə yox, yeni gərginliyə səbəb olub..."
Donald Tramp və Vladimir Putinin Budapeştdə görüşmək planı Avropada ciddi narahatlıq yaradıb. Səbəb sadədir - görüşün təşkilatçısı olan Viktor Orban çoxdan Kremlə simpatiyası ilə tanınır.
Moderator.az xəbər verir ki, bu barədə "Finansial Times" nəşri yazıb.
Almaniyanın Avropa işləri naziri Günter Krixbaum bildirib ki, "Ukrayna masa arxasında oturmasa, hər hansı razılaşma uğursuzluqla nəticələnəcək".
Bundan da önəmlisi, əgər Putin həqiqətən Budapeştə uçarsa, bu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarını pozmaq demək olacaq. Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bunu "xoşagəlməz və təhlükəli presedent" adlandırıb, Litva isə daha sərt reaksiya verib: "Putinin Avropada yeri heç bir paytaxtda yox, yalnız Haaqa məhkəməsinin qarşısıdır".
Avropalı diplomatların sözlərinə görə, Orban bu görüşü öz siyasi qələbəsi kimi təqdim edir və özünə beynəlxalq status qazandırmağa çalışır. Analitiklər qeyd edir ki, bu, həm də Macarıstanda qarşıdan gələn seçkilər öncəsi onun reytinqini artırmaq cəhdidir. Lakin Ukrayna üçün Budapeştin simvolizmi tamamilə fərqlidir - 1994-cü il Budapeşt Memorandumu Rusiyanın sonradan pozduğu təhlükəsizlik zəmanətlərini xatırladır.
Lavrov və Rubionun görüşü təxirə salındı
CNN yazır ki, Tramp və Putinin planlaşdırılan sammiti artıq sual altındadır. ABŞ Dövlət katibi Marko Rubionun Rusiya XİN başçısı Sergey Lavrovla görüşü təxirə salınıb. Ağ Evin nümayəndəsi bildirib ki, tərəflər "müharibənin dayandırılması məsələsində tamamilə fərqli gözləntilərə malikdirlər".
Rubio və Lavrovun telefon danışığı göstərib ki, Moskva öz mövqeyini dəyişmək niyyətində deyil - Rusiya hələ də maksimalist və sərt şərtlər irəli sürür. Bu səbəbdən, Rubionun yaxın günlərdə Tramp-Putin görüşünə yaşıl işıq yandırması az ehtimal olunur. Ukrayna rəsmiləri isə hesab edir ki, "Putin belə uçuşa cəsarət etməyəcək - o, paranoikdir və sui-qəsddən qorxur".
Bolqariyanın təklifi və təhlükə marşrutu
Budapeşt sammitinə gedən yol da siyasi mübahisələr doğurub. "Euractive" yazır ki, Bolqarıstan Vladimir Putinə öz hava məkanından keçmək üçün "humanitar dəhliz" açmağa hazır olduğunu bəyan edib. Xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, "sülh naminə belə görüşlər mümkün qədər asanlaşdırılmalıdır".
Lakin bu bəyanat Avropada çaşqınlıq yaradıb: Bolqarıstan da Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və Haaqa Putinin həbsi üçün order verib. Ekspertlər bildirir ki, Putin Avropa səması üzərindən uçsa, istənilən ölkə onun təyyarəsini saxlamaq hüququna malikdir.
Bu səbəbdən, yeganə alternativ marşrut Aralıq dənizi üzərindən Serbiya istiqamətinə uzun, riskli və bahalı dolayı yoldur. Ukrayna prezidenti Zelenski isə bildirib ki, əgər dəvət olunarsa, Budapeşt görüşündə iştirak etməyə hazırdır, lakin "tarixi və siyasi baxımdan bu, ən uğurlu seçim deyil".
Merejkonun xəbərdarlığı və Trampın riski
Ukraynalı deputat Aleksandr Merejko bu təşəbbüsü "siyasi səhv və təhlükəli eksperiment" adlandırır. Onun fikrincə, Orban bu sammitdən seçkiqabağı şou kimi istifadə edir, Tramp isə "sülh yaradıcı" imici ilə çıxış etməyə çalışır. Merejko xəbərdarlıq edir: "Heç nə Ukrayna haqqında Ukraynasız müzakirə olunmamalıdır. Əks halda bu, yeni bir Münhen sazişi olacaq".
Deputat əlavə edir ki, Putin Avropa səmasında uçmaqdan qorxur, çünki "o, müharibə cinayətkarıdır və Haaqa orderi qüvvədədir". Həm də Tramp Alyaskadakı uğursuz danışıqlardan sonra ikinci dəfə fiasko yaşamaq istəmir.
Bütün bunların fonunda ekspertlər razılaşır ki, Trampın təşəbbüsü siyasi baxımdan cəsarətli olsa da, praktiki nəticə verməsi çətindir. Putin hələ də müharibəni bitirmək niyyətində deyil, Avropa isə onunla eyni masada oturmağa tərəddüd edir. Budapeşt planı hələ formalaşmamış, artıq dərin etimadsızlıq və qorxu ilə müşayiət olunur, amma hər kəs "dişlərinin arasından" gülümsəyir.