Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 20-də Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun şagirdlərlə görüşü keçirilib.
Kollegiyadan Moderator.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Rəna Həsənova görüşün əhəmiyyətindən danışıb, qeyd edib ki, bu cür tədbirlər şagirdlərdə hüquq sahəsinə marağın artırılmasına, onların peşə yönümündə maarifləndirilməsinə və gələcəkdə hüquq ixtisasını seçmək istəyən gənclər üçün motivasiya mənbəyinə çevrilir.
Görüşdə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr şagirdlərlə təcrübələrini bölüşərək vəkillik peşəsinin üstünlükləri, VK-nın tarixi inkişaf yolu, son illərdə həyata keçirilən mühüm islahatlar və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Kollegiya ilə hüquq fakültələri fəaliyyət göstərən bütün universitetlər arasında əməkdaşlıq memorandumu imzalandığını qeyd edən Anar Bağırov bu əməkdaşlığın nəticəsində bir çox faydalı təşəbbüslərin reallaşdırıldığını bildirib.
Sədr vurğulayıb ki, VK tərəfindən həyata keçirilən layihələrin əksəriyyəti gənclərin hüquqi biliklərinin artırılmasına və onların vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə üz tutan hüquqşünasların böyük hissəsi gənclərdir və onların fəaliyyəti institutun inkişafına yeni dinamika gətirir.
Eyni zamanda Anar Bağırov VK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatlarından biri olduğunu dilə gətirib. Nəzərə çatdırılıb ki, Kollegiyanın tam dəstəyi ilə hər il gənc hüquqşünaslar tədbirlər keçirir, yüzlərlə tələbə isə müxtəlif vəkil qurumlarında təcrübə keçir və real iş mühiti ilə tanış olmaq imkanı qazanır. Həmçinin fərdi təqaüdlərin ayrılması, hüquq fakültələrinin layihələrinə sponsorluq edilməsi və tələbə təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda Dünya Məktəbinin rəhbərliyinə VK-nın dəstəyi ilə dərc edilmiş nəşrlər və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.