Sərhədlərlə bağlı istiqamət dəyişdi: Bakının xoşuna gəlməsə, proses dayanacaq - MÜSAHİBƏ
230
11:37, Bu gün

Sərhədlərlə bağlı istiqamət dəyişdi: Bakının xoşuna gəlməsə, proses dayanacaq - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Tofiq müəllim, Ermənistan tərəfi Azərbaycanla sərhəddin növbəti delimitasiya prosesinin Zəngəzur dəhlizi (Tramp marşrutu) istiqamətində aparılacağını bəyan edib. Bu addım dəhlizin açılması işinin sürətləndirilməsinə necə təsir edə bilər?
 
- Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya sonuncu səfərindən sonra 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalar bu və ya digər bəyanatlarda səhv şəkildə təqdim edilir. Bunu elə Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan edir. Hiss olunur ki, erməni tərəfi prosesin uzadılması yolunu seçib. Ona görə də ziddiyyətli bəyanatlar verilir. Sözsüz ki, Azərbaycan tərəfindən bu hallar diqqətlə izlənilir. Faktiki olaraq, Zəngəzurdan keçən “Tramp marşrutu”nun açılmasının vaxtının uzadılması prosesi gedir.
 
 
- Ləngimə prosesi daha çox hansı amillərlə izah olunur?
 
- “Tramp marşrutu”nun keçəcəyi Zəngəzur bölgəsindəki sərhəddə hələ də rus əsgəri dayanır. Bu məsələnin necə həll olunacağı hələlik bəlli deyil. Təbii ki, hansısa bir şəkildə həll olunmalıdır. Çünki burada ən əsas amil təhlükəsizliyin təmin edilməsi məsələsidir. “Tramp marşrutu” ABŞ-yə məxsus konsorsiumun icarəsi əsasında fəaliyyət göstərməlidir. Ona görə də dəhlizin keçəcəyi ərazidə təhlükəsizliyin rus sərhədçiləri tərəfindən təmin ediləcəyi və başqa qüvvələrin orada dayanacağı ilə bağlı suallar açıq qalır.
 
 
- Delimitasiya prosesində daha çox hansı sənədlərə istinad edilir?
 
- Hiss olunur ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Amma görünən odur ki, Zəngəzur istiqamətində delimitasiya və demarkasiya məsələsində hansısa irəliləyiş əldə etmək niyyəti var. Problem ondadır ki, Ermənistan tərəfi daha çox Almatı razılaşmalarına istinad edir. Azərbaycan isə bu razılaşmalara formal yanaşır. Eyni zamanda Ermənistan konstitusiyasında heç bir dəyişiklik olmayıb və Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar hələ də qalmaqdadır. Bu şəraitdə delimitasiya prosesinin sürətlə getməsi o qədər ümidverici deyil.
 
 
- Azərbaycanın dəhliz və delimitasiya prosesi ilə bağlı əsas tələbləri nədən ibarətdir?
 
- Proses razılaşmaya uyğun olaraq ABŞ ilə Ermənistan arasında gedir. Azərbaycan bu prosesdə bir məntiqlə yer ala bilər. Rəsmi Bakı bu prosesə qoşulub-qoşulmamaqla bağlı qərar vermək iqtidarını özündə saxlayır. Çünki Azərbaycanın istəyi odur ki, dəhliz prinsipi təmin edilsin və gediş-gəlişdə heç bir maneə olmasın. Belə olsa delimitasiya-demarkasiya prosesinə Azərbaycan da müsbət yanaşa bilər. Əslində o bölgədə aparılacaq delimitasiya və demarkasiya prosesi Azərbaycanın veto hüququdur. Əgər razılaşmalar Bakının xoşuna gəlməsə, sərhədlərin dəqiqləşməsi prosesində heç bir irəliləyiş olmayacaq.
Link kopyalandı!
Son xəbərlər