Bizi sosial şəbəkələrdən izləyin:
“Şövkət xanımın doğum günündə öncə ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət etdik. Biz gedəndə gördük ki, artıq məzar üstünə gül-çiçəklər qoyublar. Şövkət xanımın məzarını bizdən başqa sevənləri də ziyarət edir. Hər il olduğu kimi Şövkət xanım hər bir bölgədəki musiqi məktəblərində yada salınır, tədbirlər keçirilir. Bütün bunlar bizi çox sevindirir. Qadın müğənnilərin arasında Şövkət xanım qədər seviləni varmı? Mənə elə gəlir ki, yoxdur. 34 ildir artıq Şövkət xanım dünyasını dəyişib, amma Azərbaycan xalqının ürəyində yad olunur, yaşayır. Şövkət xanımın yoxluğu bizim üçün çox çətindir. Onun yeri həmişə görünür, o boşluğu heç kim doldura bilmir. Bu təbiidir. Şövkət xanım özündən sonra böyük bir məktəb qoyub gedib. Onun tələbələri bu gün fəxri adlar daşıyırlar, müxtəlif incəsənət məktəblərində dərs deyirlər. Şövkət xanım Azərbaycanın ana laylasıdır. O həmişə deyirdi ki, “mən çox xoşbəxtəm ki, 50 ildən artıq Azərbaycan xalqının ana laylası olmuşam”. Mənə elə gəlir ki, nə qədər Azərbaycan xalqı var, o qədər də Şövkət xanımın sənəti, əziz xatirəsi yaşayacaq”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib.
Gülnarə Səfərova musiqimizin bu günü ilə bağlı ünvanlanan suala belə cavab verib:
“Deyə bilmərəm ki, Azərbaycan musiqisi uçuruma gedir. Mən musiqi məktəbinin direktoru, musiqişünas, mədəniyyətə bağlı bir insan olaraq vəziyyəti elə də gərgin görmürəm. Mən klassik musiqidən danışa bilərəm. Klassik musiqi yaşayır, bizim işlərimiz göz qabağındadır, şagirdlərimiz beynəlxalq müsabiqələrdə qalib olurlar. Bunları görməmək mümkünsüzdür. Şəxsən bizim məktəbimiz hər il filarmoniyada böyük konsertlər keçirir. İndi müasir dünyadır, zövqlər dəyişir. Söhbət şou-biznesdən yaxud da estrada musiqisindən gedirsə bunu deyə bilmərəm. Azərbaycan şou-biznesi bəlkə də keçid dövrü yaşayır. Mən ümid edirəm ki, hansısa problemlər bizim üçün bu gün xaos kimi görünürsə, gələcəkdə bunlar da öz həllini tapacaq” deyə musiqişünas bildirib.