384
15:20, Bu gün

"Putinin yeri Avropa paytaxtı deyil, Haaqa tribunalıdır" - "Reuters"

 
"Avropa İttifaqı Ukraynanı sürətlə üzvlüyə qəbul etmək üçün qaydaları dəyişir..."
 
Rusiya prezidenti Vladimir Putinin Donald Trampın təşəbbüsü ilə Macarıstan paytaxtı Budapeştə səfər edəcəyi xəbəri Avropa İttifaqında ciddi narazılıq yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Avropa İttifaqının xarici siyaaət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bu ehtimalı "xoşagəlməz" adlandırıb və bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi olan bir şəxsin Avropa İttifaqı ölkəsində qəbul olunması ilk növbədə mənəvi problemdir.
Litvanın xarici işlər naziri isə daha da sərt reaksiya verib: "Putinin Avropada ola biləcəyi yeganə yer Haaqa məhkəməsidir, heç bir paytaxt deyil". Bununla belə, Avropa diplomatiyası etiraf edir ki, əgər ABŞ real təzyiq göstərərsə və Zelenski də danışıqlarda iştirak edərsə, bu, sülhə aparan yol ola bilər.
 
"Müharibə rejiminə keçməyin vaxtıdır"
 
Eyni anda Avropa bir başqa mesaj da alır: illərdir neytrallıqla tanınan İsveç artıq açıq şəkildə "müharibə rejiminə keçmək" çağırışı edir. Müdafiə naziri Pol Yonson bəyan edib ki, Rusiya Avropanın iradəsini və birliyini hər gün sınayır və cavab sərt olmalıdır:
 
"Əgər düşmən təyyarəsi bizim hava məkanına girərsə, ya qovacağıq, ya da zərurət yaranarsa, vuracağıq". Onun sözlərinə görə, əhalinin 90 faizi Ukraynaya yardımı davam etdirməyin tərəfdarıdır və Avropa sülhü sadəcə diləklə yox, hərbi güclə qorumağa hazır olmalıdır.
 
Aİ Ukraynanı sürətlə üzvlüyə qəbul etmək üçün qaydaları dəyişir
 
"Politico"-nun məlumatına görə, Avropa İttifaqı Ukraynanın üzvlüyünü sürətləndirmək üçün radikal ideyanı müzakirə edir: yeni qoşulan ölkələr tam səsvermə hüququ olmadan Aİ-yə qəbul edilə bilər. Bu, ilk növbədə Macarıstanın veto imkanını məhdudlaşdırmaq üçün nəzərdə tutulub.
 
Yeni modelə əsasən, Ukrayna, Moldova və digər namizəd ölkələr praktiki olaraq Aİ-də iştirak edəcək, lakin tamhüquqlu səsvermə yalnız gələcəkdə, institusional islahatlar bitdikdən sonra veriləcək. Almaniya Bundestaqının Avropa komitəsinin rəhbəri Antton Hofrayter deyib: "Genişlənmə bir nəfərin vetosu ilə bloklana bilməz".
 
Avropa eyni anda iki fərqli reallıqda yaşayır. Bir tərəfdən Putin Budapeştə gedir, Tramp vasitəçiliyə çalışır, Zelenski danışıqlara hazırdır. Digər tərəfdən İsveç müharibə rejiminə keçməyi tələb edir, Aİ isə Ukraynanı "tezliklə içəri almaq" üçün qaydaları dəyişməyə hazırlaşır.
 
Bu mənzərə bir şeyi göstərir: Avropa artıq passiv müşahidəçi deyil. Qitə həm danışıqlar masasına hazırlaşır, həm də ehtiyac olarsa, güc tətbiq etməyə. Ukraynanın taleyi, görünür, məhz bu iki xəttin - diplomatiya və sərt çəkindirmə arasında həll olunacaq.
Link kopyalandı!
Son xəbərlər