“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” - xanəndə tənqid etdi-FOTO+ÖZƏL
1062
12:55, Bu gün

“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” - xanəndə tənqid etdi-FOTO+ÖZƏL

“Onu kim deyir ki, çadırda oxuyan müğənni müğənni deyil? Çadırda oxuyan müğənnilər bu gün yarım saatı 5-6 min manata gedən müğənnilərdən milyon qat gözəl oxuyurlar, gözəl də sənətkardırlar. Hamı elə çadır toylarından çıxıb da. Şəxsən mən özüm də çadır toylarından çıxmışam. Çadır toylarına nə olub ki? O vaxtın toyları məktəb idi, indiki toylar yox. Çünki o toylardan oxuyanlar çıxırdı, təlxəklər yox”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. 
 
O daha sonra əlavə edib:
“Azərbaycan incəsənətində bir müğənni göstərin ki, o çadır toylarında oxumasın. Allah rəhmət etsin Məmmədbağır Bağırzadə o qədər çadır toylarında oxuyub ki. Cəbrayıllılar Məmmədbağırı “kalendar”-la toya yazdırıblar. Beyləqanda bir çadır toyları oxuyub ki, gəl görəsən. Heç kimə də o yuxarıdan aşağı baxmayıb. Qədir Rüstəmovun özü, Şahmalı Kürdoğlunun özü çadır toylarından çıxıblar. İçi elə mən özüm qarışıq. Çadır toyları səhər saat 12-də başlayırdı, düz saat 2-yə, 3-ə, bəzən də 5-ə qədər muğama qulaq asırdılar. Sonra oynamaq istəyənlər yığışırdı, sifarişlərini verirdilər və toyun digər hissəsi başlayırdı. İndiki kimi giydirmə mahnılar yox idi. Ağayanə kişilərin heç biri gedib qətiyyən yüngül mahnılar sifariş verməzdi. Hazırda həmin dəbə qayıdırlar. Bu yaxınlarda mən Mirələmin oğlunun toyunda iştirak etdim. Açıq havada idi. Bir dənə üstünün palatkası çatmırdı. Həqiqətən zövq aldım” deyə xanəndə bildirib.
 
Əməkdar artist bildirib ki, toylarının sayı azalıb:
“Bir qrup qız  oxuyanları var ki, atdanırlar bu kanaldan, o kanala. Verilişlər onları ortalığa salıb, elə bil futbol topudurlar. Bu veriliş vurub ona atır, o veriliş vurub buna atır. Toy, mahnı davası gedir. Mahnı da barı mahnı olar. Deməzdim ki, mən yaxud mənim kimi sənətçilər kənarda qalıb. Bizim də öz tamaşaçılarımız var. Düzdür, əvvəlki dərəcədə olmasa da, toysuz deyilik. Əvvəl 1 ayda 10-15 toy oxuyurdumsa, indi 3-4 toy ancaq çalırıq. O da yarım saatlıq, 1 saatlıq. Yenə də şükür edirik ki, o zövqlü insanlarımız, ziyalılarımız var. Mən bu yaxınlarda Yardımlıda çadır toyunda oxuyurdum. 70 yaşında kişi gəlib mənə İlhamə Quliyevanın, Rübabə Muradovanın, Elmira Rəhimovanın repertuarından sifariş verir. Özü də ucqar dağ kəndində”.
Link kopyalandı!
Son xəbərlər