Astanada hansı razılaşmalar əldə ediləcək? – Prezidentin Qazaxıstan səfəri bu baxımdan əhəmiyyətlidir!
1195
12:50, Bu gün

Astanada hansı razılaşmalar əldə ediləcək? – Prezidentin Qazaxıstan səfəri bu baxımdan əhəmiyyətlidir!

"Prezident İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan səfəri istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də türk dünyası arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
 
Bunu siyasi şərhçi Zeynal Əmrəliyev Moderator.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomərd Tokayevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində bir sıra mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir:
“Səfər zamanı yüksək səviyyəli danışıqların aparılması, Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi və Azərbaycan-Qazaxıstan biznes forumunun təşkili planlaşdırılır. Bu görüşlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına zəmin yaradacaq.”
 
Z. Əmrəliyev qeyd edib ki, Qazaxıstan-Azərbaycan münasibətləri iki mühüm əsas üzərində formalaşıb – ortaq türk kimliyi və qarşılıqlı etimad mühiti:
 
“Bu amillər iki ölkəyə münasibətləri qardaşlıq səviyyəsində davam etdirməyə imkan verir. Uzun illərdir əməkdaşlığın heç bir problem olmadan inkişaf etməsi Bakı və Astananı bir-birinə daha da yaxınlaşdırıb.”
 
Siyasi şərhçinin fikrincə, İlham Əliyevin səfəri zamanı əsas müzakirə mövzuları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və xüsusilə enerji sahəsində birgə layihələr olacaq:
 
“Hazırda hər iki ölkənin diqqət mərkəzində Orta Dəhliz – Trans-Xəzər nəqliyyat marşrutu dayanır. Azərbaycan və Qazaxıstan bu strateji qovşağın inkişafında maraqlıdır. Son illər bu marşrutda yükdaşımaların artması gələcək üçün böyük perspektivlər açır.”
 
Z.Əmrəliyev əlavə edib ki, səfər çərçivəsində gömrük sahəsində də yeni razılaşmalar mümkündür:
 
“Son dövrlər Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsi arasında təmaslar intensivləşib. Bu ilin aprelində Qazaxıstan nümayəndə heyəti Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib. İndi isə gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması barədə razılaşma əldə edilə bilər.”
 
Ekspertin sözlərinə görə, ümumilikdə iki ölkə arasında ənənəvi enerji (neft və qaz), “yaşıl enerji”, logistika və ticarət sahələrində əməkdaşlıq perspektivləri genişdir:
 
“Azərbaycan və Qazaxıstan yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir. Regional risklərə baxmayaraq, hər iki dövlətin potensialı bu məqsədlərə nail olmağa imkan verir.”
 
Zeynal Əmrəliyev sonda bildirib ki, Prezident İlham Əliyevin bu dəfəki Qazaxıstan səfəri həm türk dünyasının birliyinin möhkəmləndirilməsi, həm də iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsi baxımından xüsusi strateji əhəmiyyətə malikdir.
Link kopyalandı!
Son xəbərlər