Rusiya-Ukrayna müharibəsi bu şərtlə dayanır: II Priqojin təhlükəsi var - MÜSAHİBƏ
525
12:28, Bu gün

Rusiya-Ukrayna müharibəsi bu şərtlə dayanır: II Priqojin təhlükəsi var - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az müsahibəni təqdim edir.
 
- Elxan bəy, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ilkin şərtlər ətrafında müzakirələr aktuallaşıb. Münaqişənin dondurulması və sülh danışıqlarının başlanması ehtimalı varmı?
 
- Əslində Ukrayna Prezidenti Volodimir Zelenski bu şərti qəbul etməyə hazırdır. Atəşkəs elan edilsin, qoşunlar haradadırsa, orada da dayanması şərti ilə müharibənin dayandırılmasının mümkünlüyündən danışılır. Amma bu, o demək deyil ki, Ukrayna işğalla barışacaq və bunu tanıyacaq. Sadəcə olaraq, reallıqla barışmaq məcburiyyəti var. Çünki Ukraynanın indiki halda itirilmiş torpaqları geri qaytarması çətindir. Amma heç olmasa atəşkəs olsun tələbləri səslənir. Rusiya Prezidenti Vladimir Putin isə atəşkəslə razılaşmır.
 
- Putinin atəşkəslə bağlı ilkin şərti nədir?
 
- Rusiya prezidenti bir dövlətə (Ukraynaya) mümkün olmayan tələblər irəli sürür. O iddia edir ki, Rusiyanın Ukrayna ərazisində işğal etdiyi əraziləri tanınsın və işğal etmədikləri ərazilər də ona verilsin. Sözsüz ki, özünə hörmət edən dövlət, o cümlədən Ukrayna bu şərtləri icra etməz. Zelenski də bundan imtina edir.
 
 
- Atəşkəs elan edildikdən sonra hansı addımlar atıla bilər?
 
- İlkin olaraq atəşkəs elan edilsə, qoşunlar hazırda dayandıqları yerdə duracaq. Buna da Putin razı deyil. Bu günlərdə Kreml rəhbəri daha bir hiyləgər addım atdı. ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahavk” raketlərini (The Tomahawk Land Attack Missile) verməyə hazırlaşırdı. Bunun üçün Zelenskini də Vaşinqtona dəvət etmişdi. Bunu qabaqlamaq üçün Putin həmin səfərdən bir gün öncə Trampla telefon danışıqları apardı.
 
- Putinin Trampa əsas təklifi nə idi?
 
- O, Budepeştdə görüş təklif etdi. Deyib ki, gəl orada müzakirə aparaq və bunun davamında Trampı tərifləyib. Putinin tərifi Trampın xoşuna gəldiyi üçün Zelenski ilə bir qədər sərt tonda danışıb. Bununla da Ukraynaya veriləcək “Tomahavk” raketlərini göndərilməsi təxirə salınıb. Halbuki, Zelenski buna çox ümidli idi.
 
 
- “Tomahavk” raketlərinin Ukraynaya verilməsinin müharibənin gedişinə təsiri ola bilərdimi?
 
- Sözsüz ki, bu raketlərin Ukraynaya verilməsi müharibənin gedişində onun xeyrinə ciddi dönüş yaradacağını proqnoşlaşdırmaq çətindir. Amma hər halda bu bir addım idi.
 
- Məlum Alyaska görüşündən sonra Budapeştdə Putin-Tramp görüşünə dair proqnozlar nədir?
 
- Budapeştdəki görüşdən nəticə əldə ediləcəyinə heç kim zəmanət verə bilməz. Faktiki olaraq, Alyaska görüşü nəticəsiz qaldı.
 
 
- Rusiyanın tələbləri fonunda atəşkəs üçün təklif nədən ibarətdir?
 
- Putin güzəşt kimi Ukraynanın Zaporoje, Xerson kimi tam işğal etmədiyi ərazilərdən imtina etməyə hazır olduğunu bildirir.
 
- Donbasla bağlı əsas şərtlər nədir?
 
- Bu zaman Rusiyanın Ukrayna ərazilərini özünə birləşdirməsi ilə bağlı keçirmiş olduğu (Donetsk, Zoparoje, Luqansk, Xerson) referendumla bağlı öz cəmiyyətinə izahat verməsi lazım olacaq. Rusiyanın işğal etdiyi Donetsk və Zoparojenin bir hissəsini geri qaytaracağı sualı açıq qalır. Bu sadəcə Rusiyanın vaxt uzatması ilə bağlıdır.
 
 
- Müharibənin aktiv fazasının dayandırılması üçün Kremlə əlavə təzyiq elementlərindən bəhs edilir. Bunlar necə ola bilər?
 
- Bunun üçün Tramp da dolayısı yollarla Rusiyaya qarşı təzyiqi gücləndirmək istəyir. O, bu təzyiqin yolunu Çin və Hindistan kimi dövlətlərin Rusiyadan neft alışını dayandırmasında görür. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa dövlətləri tam olmasa da, böyük ölçüdə Moskvadan neft alışını dayandırıb. Bu Kreml üçün ciddi təsir idi. Bundan sonra Rusiya neft və qazı daha ucuz qiymətə Asiya bazarlarına çıxartmağa çalışdı. Hazırda Hindistan və Çin Rusiyadan ucuz qiymətə neft-qaz alır. Tramp də bununla bağlı Hindistana təsir eməyə çalışır. Hətta iddia edilir ki, Hindistanın Baş naziri Narenda Modi Rusiya neftindən imtina etməyə hazırdır. Burada isə situasiya fərqlidir. Hindistandakı neftayırma zavodları dövlətə bağlı deyil və onlar harada ucuz neft varsa, onu ala bilir. Bununla belə Rusiya neftindən imtina edilərsə, Hindistan körfəz ölkələrindən, o cümlədən Azərbaycandan neft alacaq.
 
- Bu məsələdə Çinin ABŞ ilə razılığa gəlmək ehtimalı varmı?
 
- Bu məsələdə rəsmi Pekin güzəştə getmək niyyətində deyil. O özünü ABŞ-yə rəqib hesab edir və Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcəyi ehtimalı böyükdür. Ona görə də, Trampın bu dolayı yollarla Putinə təsir imkanları azdır.
 
 
- Müharibənin uzanması Rusiya üçün nə vəd edir?
 
- Faktiki olaraq, Putin dalana dirənib. Gələn ilin fevralında Rusiya-Ukrayna müharibəsi 5-ci ilə keçəcək. Bu II Dünya müharibəsindən daha çox çəkmiş olacaq. Sözsüz ki, Rusiya cəmiyyətində müharibənin uzanması və nəticələri ilə bağlı narazılıqlar başlayıb. Rusların normal həyat şərtləri pozulur. Artıq ölkədə yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, Ukrayna dronları rusların evlərinin yanında partlayır. Ona görə də Putin bu durumu cəmiyyətə izah etməlidir. Nə qədər təsir olsa da, Kremldə də bu barədə düşünənlər var. Ona görə də Priqojin ssenarisinin (Yevgeni Priqojin - “Vaqner” özəl hərbi şirkətinin rəhbəri idi. 2023-cü ildə üsyana qalxmışdı) Rusiyada təkrarlanması ehtimalı da güclənir. O Rusiya-Ukrayna müharibəsinin düzgün olmadığına görə qiyama qalxmışdı. Sonradan Priqojin aradan götrülmüşdü. Amma kim zəmanət verə bilər ki, Kremldə yenidən Priqojin kimi biri peyda olmayacaq.
Link kopyalandı!
Son xəbərlər