Fazil Mustafa “TÜRKSOY” medalına layiq görüldü
243
09:57, Bu gün

Fazil Mustafa “TÜRKSOY” medalına layiq görüldü

Türk dünyasının mədəni birliyini və ortaq dəyərlərini təmsil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanı “TÜRKSOY” medalı ilə təltif edib.
 
Moderator.az-ın məlumatına görə bildirilib ki, bu təltif, Fazil Mustafaya Türk dünyası mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə verilib.
 
Təltif sənədini TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayev imzalayıb.
 
Qeyd olunub ki, Fazil Mustafa təkcə siyasətçi və qanunverici orqanın üzvü kimi deyil, eyni zamanda Türk dünyasının düşüncə adamı, maarifçi-publisist və mədəni inteqrasiyanın fəal iştirakçısı olan alim kimi tanınır. Onun əsərləri, çıxışları və ideoloji mövqeyi, ortaq türk kimliyinin çağdaş dönəmdə yenidən formalaşmasına, milli suverenliyin və dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir.
 
Bildirilib ki, bu təltifin Azərbaycan Milli Məclisinin üzvünə verilməsi Türk dünyasının intellektual inteqrasiyasında Azərbaycan mədəni-siyasi nüfuzunun bir daha təsdiqidir.
 
Fazil Mustafa təltiflə bağlı deyib: “TÜRKSOY medalını Türk dünyasının ortaq düşüncə ailəsinə mənsubiyyətin, mədəni məsuliyyətin və mənəvi borcun ifadəsi kimi qəbul edirəm. Mənimçün bu, fərdi deyil, milli düşüncəyə verilən qiymətdir".
 
“TÜRKSOY” medalı Fazil Mustafaya Beynəlxalq Muğam Mərkəzində oktyabrın 19-da keçirilən, onun yeni kitablarının tanıdıldığı “Aydınlıq çiləsi” adlı düşüncə gündüzündə (fikir gecəsində) təqdim olunub.
Link kopyalandı!
Son xəbərlər