Bizi sosial şəbəkələrdən izləyin:
“Leyla Şərifova ömrünün son illərini Almaniyanın Düsseldorf şəhərində yaşayırdı. Həmin binanın ərazisi olan küçə də Leyla xanımın adını daşıyırdı. Ailəsi ilə, qızı ilə münasibətləri o qədər də isti deyildi. Səbəbini dəqiq bilmirəm. Heç vaxt ondan danışmırdı. Öz köməkçisi ilə yaşayırdı. Həmin qadın ona həm ev işlərində kömək edirdi, həm də şəxsi baxım işlərini görürdü”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Leyla Şərifovanın bioqrafı İlham deyib. O daha sonra əlavə edib:
“Leyla Şərifova dünya xalqları mahnılarının ifaçısı idi. 8 dil bilirdi, 14 dildə oxuyurdu. Azərbaycan və Tacikistanın xalq artisti fəxri adlarını daşıyırdı. Anası bakılı idi, atası isə İzmirdən idi. Yalandan deyirlər ki, Tacikistanda, İranda anadan olub. Xeyr, bunu müsahibələrində dəfələrlə təkzib edib. Özü də Fəxri Xiyaban tərəfdə yaşayırdı. O dövrdə müğənni Səbinə İlyasova ilə qonşu idi. Qızı da Tibb Universitetində oxuyurdu. Rza Şah Pəhləvinin həkiminə ərə getmişdi. 78-79-cu illərdə şah dövrü dağılanda ərini öldürmüşdülər. Leyla xanım sonra Tacikistana, ordan da Azərbaycana gəlmişdi. Amma Leyla xanım Azərbaycana ilk dəfə 1961-ci ildə gəlib. Əhməd Bakıxanovun rəhbərliyi ilə “Xalq çalğı alətləri” ansambılında 1-2 mahnı oxuyub. Əhməd Bakıxanov ona xalq mahnılarımızı öyrətmişdi” deyə bioqrafı bildirib.
“Təbriz mahnıları” səhifəsinin yaradıcısı Əmirəli Qızıllı isə Leyla xanımın çox çətin həyat yaşadığını bildirib:
“Mən bilən nəvəsi Əmin onun işlərinə yetişirdi. Əmin özü ruhən xəstə olduğundan deyirdi ki, son vaxtlar Almaniya dövlətinin tibb işçiləri həftədə iki dəfə Leyla xanımı görməyə gəlirlərmiş. Leyla xanımın doğma qızı da Düsseldorfda yaşayır. Mal-dövləti də böyük ehtimalla ona qalmış olar. Amma qızının Leyla xanımla heç bir münasibətləri olmayıb. Hətta qızı anasının Leyla Şərifova olduğunu danırmış. Nəvəsi ilə bir dəfə ünsiyyətim olmuşdu. O deyirdi ki, ailəsi çətin vəziyyətdədir, Leyla xanıma artıq baxa bilmirlər. Leyla xanım çox tək qalıb. Elə buna görə də nəvəsinə cənazəsinin yandırılaraq, külünün dənizə səpilməsini vəsiyyət edib” deyə o bildirib.