BTQ-nin icraçı direktoru ATƏT-in Varşavada İnsan Ölçüsü konfransında iştirak edib - FOTO
235
13:56, Bu gün

BTQ-nin icraçı direktoru ATƏT-in Varşavada İnsan Ölçüsü konfransında iştirak edib - FOTO

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in Varşava İnsan Ölçüsü konfransında iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.
 
Bildirilib ki, konfransda ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri iştirak ediblər.
 
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov konfransın irqçilik, ksenofobiya, ayrı-seçkilik, dini dözümsüzlük, insan alveri və fundamental azadlıqlar kimi qlobal problemləri əhatə edən üç plenar sessiyasında çıxış edib.
 
O, çıxışlarında bir sıra ölkələrin müstəmləkəçilik və neokolonial siyasətlərini hələ də davam etdirdiyini təəssüflə qeyd edərək, bunun acı nəticələrinə dair real faktları iştirakçıların diqqətinə çatdırıb.
 
Bu xüsusda, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada salaraq Konqonu istismarın və insan əzabının ən dəhşətli nümunələrindən biri kimi təqdim edib.
 
O, Afrikada həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qiymətləndirilməməsini ədalətsizlik adlandırıb. Həmçinin Belçikanın Konqodakı kolonial dövründə yerli dinləri məhv etmək və ya mədəni normaları zorla tətbiq etdiyini, bunun nəticəsində bu günə qədər davam edən dərin mədəni və mənəvi yaraların qaldığını qeyd edib.
 
Abbas Abbasov, eyni zamanda, Fransanın dənizaşırı ərazilərində - Kanaki-Yeni Kaledoniya, Qvadelup, Martinik və Mayot kimi bölgələrdə - yerli xalqların ikinci dərəcəli vətəndaş statusunda yaşadığını bildirib.
 
O, Qvadelup və Martinikdə Karib hövzəsinin Afrika mənşəli əhalisinin qərar qəbulu proseslərindən sistemli şəkildə kənarlaşdırıldığını və bərabər iqtisadi imkanlardan məhrum edildiyini vurğulayıb. Mayot adasında isə əhalinin əksəriyyətini təşkil edən müsəlmanların məqsədyönlü şəkildə təcrid siyasətinə məruz qaldığını, adanın hərbiləşdirilmiş qalaya çevrildiyini qeyd edib.
 
O əlavə edib ki, Fransız Qvianası və Reyunyonda iqtisadi asılılıq, işsizlik və ekoloji fəlakətlər yerli əhalini məcburi köçkünlüyə və insan alveri şəbəkələrinin hədəfinə çevirib. Bu ərazilərdə insan alveri müasir dövrdə kolonial köləliyin davamıdır.
Link kopyalandı!
Son xəbərlər