Bizi sosial şəbəkələrdən izləyin:
“Kinoklub” verilişi yenidən efirlərə qayıdır. Əlbəttə ki, Aztv-də yayımlanacaq. Bu sədrin diqqətində olan bir layihədir. Bundan əvvəl “Biz” layihəsi etdik. Yəni bizləmək. Necə ki, əvvəl “Mozalan” layihəsi idi, indi də “Biz” layihəsidir. Orada böyük sənətkarlar bir araya gəldilər. Televiziya da istəyir ki, tamaşaçılar efirlərə cəlb olunsun. Çünki bu illər ərzində televiziyalar çox tamaşaçı itirib. “Kinoklub” verilişini xalq artisti Həmidə Ömərova ilə birlikdə aparacağıq. İlk verilişimizi görkəmli aktrisa Nəsibə Zeynalovaya həsr etdik. İkinci verilişi hələ ki, çəkməmişik. Amma Yaşar Nuriyə həsr olunacaq. Xatirələr bölüşəcəyik, filmlərdən görüntülər gedəcək. Təsəvvür edirsiniz, həmin masada illər öncə o sənətkarların özü ilə birlikdə əyləşirdik, indi isə onlar haqda xatirələr danışırıq. Bu həyatın qanunudur. Sabah İlham da olmasa başqa adam orada oturacaq. Məncə bu veriliş insanlarda nostalji anlar yaşadacaq. Çünki tamaşaçı bilmir nəyə baxsın. Bu verilişə mütləq baxacaqlar”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal deyib.
O daha sonra əlavə edib:
“Aktyorluq qeyri-adi istedaddır. Bu istedadı güc-bəla ilə kiməsə verə bilməzsən. Bu mümkün olan şey deyil. Universitetdə biz tələbələrə sadəcə düzgün istiqamət veririk. Tələbə istiqaməti düz götürsə ona xeyirdir. Mənim elə tələbəm ola bilər ki, istedadı olmaya bilər. Biz sadəcə onları yönəldirik” deyə sənətkar bildirib.
Xalq artisti seriallara çəkilməməsi ilə bağlı suala belə cavab verib:
“Nəyə çəkilim? Olan-qalan hörmətimi də itirim? Çox çətin zamandır. Yaşımın da elə çağındayam ki, özümü hörmətdən sala bilmərəm. Tamaşaçı mənə deməz ki, niyə bizi girinc edirsən? Teatrda işləyirəm, universitetdə dərs deyirəm. Teatrda ştatda olanlar 3 aydan bir 1 dəfə tamaşa oynayır. Mənim ayda 4 tamaşamı repertuara salırlar. Demək ki, bilet satılır və mən teatra lazımam. Amma mən teatrda yarımştatam, 50 faiz işləyirəm. Universitetdə tam ştat olduğum üçün digər yerdə yarımştatam. Başqa yerdə belə olmur. Mən onsuz da pula görə teatra getmirəm ki. Yaradıcı insanı maddiyat qorxuda bilməz. Amma qanunda yazılıb ki, 90 faizə qədər əməkhaqqı ala bilərəm. Yeni direktor gəlib, bilmirəm o necə edəcək? İndikilər bizim vaxtilə çəkdiyimiz əziyyətlərin 1 faizini belə çəkə bilmirlər. Teatrda hazırda yaxşı əməkhaqqı da var. Gənclərin indi aldığı maaşın biz onların yaşında heç yarısının yarısını da almamışıq. Bura sənin evindir. İşləmək istəmirsən çıx get başqa sahəyə. Seriallarda da çəkilirlər, səhər-axşam tamadalıq da edirlər. Ona görə də yaradıcılıq inkişaf etmir” deyə sənətkar bildirib.