Bizi sosial şəbəkələrdən izləyin:
2022-ci il sentyabrın 7-də prezident İlham Əliyev məşhur tarzən, bəstəkar, Sadıqcanın Şuşadakı evinin bərpa olunması üçün sərəncam imzalamışdı. Bəs görəsən evdə təmir-bərpa işləri nə vaxt bitəcək?
Şuşa ziyalısının kötücəsi Elxan Cəfərov Moderator.az-a bildirib ki, hazırda ulu babasının evində bərpa işləri aparılır:
“İşlər artıq başlanıb. Çertyoju da, layihəni də gördüm və ev necə olacaqsa bunu bildim. Yəqin ki, ilin sonunda bu ev tamamlanacaq. Gələn il də nəzərə alsaq ki, Sadıqcanın 180 illiyidir. Əlbəttə ki, bizim xalqımıza, millətimizə hədiyyə olardı. Mən istərdim ki, evin qabağında küçə olsun, bağ olsun. Onu yaşadan bir şeylər olsun. Sadıqcanın adını küçəyə də vermək olar. Təsəvvür edin bu necə gözəl olar? Bu zaman Şuşa həqiqətən də muzey şəhəri olacaq. Bunun özü də mədəniyyətimiz üçün böyük hadisədir”, - deyə o bildirib.
Elxan Cəfərov deyir ki, anası Afina xanım da bu evdə dünyaya gəlib:
“Anamın gələn il 94 yaşı olacaq. Arzum budur ki, o da 94 yaşında bu evin açılışında iştirak etsin. Sadıqcanın böyük nəsli var. Hamısı səpələniblər bir çox yerlərə. Mənim ürəyimdən keçir ki, bütün qohumlarını yığardım bir yerə və orada bu açılışı qeyd edərdik. Onun evi 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə emalatxana olub, orada tar düzəldiblər. Gələcəkdə də bərpa etmək olar, bu da xırda biznesdir. 1-ci mərtəbə böyük zal olub. Orada müxtəlif tədbirlər keçirmək olar. Sadıqcanın fəaliyyəti ilə bağlı Nəsrədddin şah ona “Şiri-Xurşid” ordeni verib. Bu da bizim nəslimizdə olub, amma çox təəssüf ki, biz bilmirik hazırda o kimdədir? Onun 6 sədəfli tarı olub, hamısı itib. Biz ora köhnə tarları yığa bilərik. Hələ ki, ulu babamın Şuşadakı məzarı tapılmayıb. Bu istiqamətdə də axtarış işləri davam etdirilir”, - deyə o bildirib.