Yaxın Şərqdə sülh axtarışı: Qəzzada atəşkəs davamlı olacaqmı? - ŞƏRH
650
14 Oct 2025 | 15:50

Yaxın Şərqdə sülh axtarışı: Qəzzada atəşkəs davamlı olacaqmı? - ŞƏRH

Misir, Qətər, ABŞ və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzzada yekun atəşkəs sazişi imzalayıblar. Sülh Sammiti Qəzza zolağında baş verən hərbi toqquşmaların, habelə mülkü insanların həlak olmasının qarşısını almaq baxımından mühüm diplomatik tədbir hesab edilir. Məqsəd təkcə atəşkəsə nail olmaq deyil, həm də tərəflər arasında düşmənçiliyi yumşaltmaqla davamlı sülh və sabitliyə nail olmaqdır. Bəs, sammit Yaxın Şərqdə sülh və sabitliyə, xüsusi ilə də İsrail-Fələstin münaqişəsinin həllinə necə töhfə verəcək?
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-a açıqlama verən ekspert Vüqar Zifəroğlu bildirib ki, Şarm əl-Şeyxdə keçirilən sammit beynəlxalq miqyasda Yaxın Şərqdə davam edən gərginliyin azaldılması, humanitar böhranın qarşısının alınması və bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilir:
 
 
"Sammitdə imzalanan sülh razılaşması tərəflər arasında atəşkəsin davamlı saxlanılması, humanitar yardımın fasiləsiz çatdırılması və gələcək siyasi dialoqun təşkili üçün ilkin baza formalaşdırır. Bu sənəd eyni zamanda beynəlxalq ictimaiyyətin sülh prosesinə birgə dəstəyini nümayiş etdirir və sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib olduğunu vurğulayır".
 
"Razılaşmanın əhəmiyyəti təkcə hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır, həm də tərəflər arasında etimadın bərpası, sosial və iqtisadi reabilitasiya proseslərinin başlanması baxımından mühüm mərhələ hesab olunur. Şarm əl-Şeyx sammiti, sülhün "kağız üzərində" deyil, praktik mexanizmlərlə qorunması üçün beynəlxalq nəzarət və koordinasiya mexanizmlərinin formalaşmasına zəmin yaradır", - deyə ekspert vurğulayıb.
 
Müsahibimiz Azərbaycanın sammitə dəvətini ölkəmizin son illərdə artan diplomatik nüfuzu, regionda sabitlik və əməkdaşlığa yönəlik siyasəti ilə əlaqələndirib:
 
"Bakı həm müsəlman dünyasının bir üzvü, həm də İsraillə əməkdaşlıq münasibətlərinə malik ölkə kimi bu məsələdə balanslı və neytral mövqe sərgiləmək imkanına sahibdir. Azərbaycanın sülh prosesində iştirakı, onu potensial vasitəçi və dialoq qurucusu kimi önə çıxarır. Bununla yanaşı, Azərbaycan postmünaqişə dövründə qazandığı təcrübə - bərpa, humanitar yardım və beynəlxalq əməkdaşlıq sahəsindəki praktiki yanaşmalar sülh prosesinə əlavə töhfə vermək üçün real imkan yaradır. Azərbaycan həm diplomatik, həm də humanitar səviyyədə sülhün möhkəmlənməsinə dəstək göstərməklə, regionda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına öz töhfəsini verə bilər".
Link kopyalandı!
Son xəbərlər