“Bu şəklin rəngi solub, gedib. Rüfətin dostu çəkibmiş bunu. Amma qıymıram, nə ata bilərəm, nə cıra. Rəngi qaçsa da, həmişə saxlayacam.
Rüfətim uşaqları çox sevirdi. Deyirdi ki, “mama, görəsən, mənim də uşaqlarım da gözəl-göyçək olacaq?” Deyirdim ki, niyə olmasın. Sən yaraşıqlısan, gəlinim də gözəldir.
Bu şəkil ölümündən bir gün qabaq, noyabrın 6-sı çəkilib. Həmin günə qədər telefonla danışırdı”.
- Nə danışdınız? Harada olduğu barədə nə isə deyirdi?
- Yox, bircə Füzulidə olanda dedi ki, atamın adındayıq. Amma müharibədə olduğunu gizlədirdi. Top, tüfəng, silah səsini eşidirdim, təlimdəyəm deyib, söhbəti dəyişirdi. İndi.mənə deyirlər, gəl səni Şuşaya aparaq, balamın qanı tökülən yerə mən ayağımı basa bilmərəm (ağlayır).
- Rüfət təlimə getdiyi üçün müharibədə iştirak etməli oldu. Hiç dedinizmi, getmə?
- Gəlinim Rüfət gedəndə o qədər ağladı ki… Bircə günün içində “gedəcəm”, dedi, getdi. Deyirdi, “mama, göndərdiyim videoları, şəkilləri nabədə haradasa paylaşarsan. Gələndə sənə o qədər sözlər danışacam ki” Balamın sözləri ürəyində qaldı…
Videosunu göstərir. Döyüş yoldaşı deyir: “ayağınızın altına baxın mina olar”. Amma Rüfət, “olsun da, nə var ki, burada. Uzaqbaşı bir ayağımızı itirəcəyik”, deyir.
“Rüfət hər şeyə bax, beləcə adi baxırdı. Qorxusu yox idi. O, noyabrın 7-dən 8-nə keçən gecə saat 2-yə 20 dəqiqə qalmış anadan olur. Elə yeni vaatda da, şəhid oldu. Bu qədər təsadüf ola bilməzdi. Başladım araşdırmağa, “Qurani-Kərim” də oxudum ki, gecə anadan olan insanlar gündüz ölə bilməzlər.
Deyirdi ki, adam şəhid ola, yas məclisini də Hacı Şahinlə, Hacı Surxay apara. Rüfətimin istədiyi kimi də, oldu. Hacı Surxay bizə gələndə dedi ki, onu Füzulidə mən kəfənləyib, yola salmışım.
Onun videolarına baxa-baxa, danışırıq.
- Harada işləyirdi?
- Hava limanında.
Stulun üstünə Rüfətin şəkli həkk olunmuş bayraq sərilib. Elə bil ki, o da, bizi dinləyir, bizə baxır…
“Rüfət 11 yaşından namaza başlamışdı. Bir dəfə Qaxa istirahətə getmişdik. Onda dedi ki, mama mən namaz qılacam. Bildirdim ki, istirahətə gəlmişik, yaşın da azdır. Dedi ki, yox, səhər durub namaza başlayacam. O vaxtdan bəri bir gün belə, qəza etmədi. Döyüşdə olanda da, namazını qılırdı. İki kilometrelik məsafəyə bulağa qədər gedib, dəstəmaz alıb, gəlirmiş. Bir dəfə kürəyi qanlı halda, bir dəfə də bulanlıq su ilə dəstəmaz alıb, namaz qılıbmış. Zəng edib, qardaşına demişdi ki, öyrən, gör o qəbul sayılır? Arada Hacı Şahinə kömək etməyə gedirdi. Axır vaxtlar Muxtarnamə və Hz Yusifin serialına baxırdı”.
Məlahət xanım Rüfətin bəy otağının, evinin, cehizlərinin şəkillərini göstərir: “Oğlum deyir ki, mama, gedək evə? Deyirəm, gedə bilmərəm, sata da bilmərəm. Elə bilirəm ki, Rüfət oradadır… Martın 14-ü ona toy edəcəkdik (ağlayır). Elə arzulayırdım ki, oğlumun evini döşəməyi, onu bəy kimi görməyi. Hər şeyin ən yaxşısını, ən bahalısını almaq üçün çalışırdım. Adanaya getdim, gəlinim üçün hər şeyi seçib, özünə göndərdim. Təki ürəyincə olsun, deyə. Qudalarıma da deyirdim ki, nəyəsə gücünüz çatmasa, fikir eləməyin, mən hamısını öz öhtəmə götürürəm, ikisi də mənim övladımdır. Aldım, yığdım, xonçalarım açılmaz qaldı, aça bilmədik. Verdim hamısını Səmişə. Mənim nəyimə lazım idi onlar?”.
- Gedib, gəlişiniz var?
- Axrıncı dəfə atasının yasına getmişdik. Deyirlər ki, o, ölməmişdən bir gün qabaq ancak Rüfətdən danışıb. Elə çok istəyirdi ki… 63 yaşı var idi, anidən beyninə qan sızıb, vəfat edib. Allah rəhmət eləsin.
- Bəs necə tanış olmuşdular? Ailə ilə qohumluğunuz var idi?
Yox, bacımın qızı bağçaya gedirdi. Gəlinim də, orada təcrübəçi kimi çalışırmış. Bacım gələndə demişdi ki, bağçada çox mülayim, mehriban, gözəl qız işləyir, bəlkə Rüfətlə tanış edək? Oğlum düz 6 ay oraya gedib-gəldi. Deyirdi ki, mama, Allaha yalvarmışım. Əgər o, mənə uygundursa, qismət et, evlənək. Əvvəllər qız istəməsə də, sonradan bir-birlərini tanıyıp, sevdilər. Arada dalaşırdılar, amma ayrı qala bilmirdilər. Elə bil, onlar iki göyərçin idi. Baxırdım, həvəsim gəlirdi. Gəlinimi çox istəyirdim, qucağımda oturdub, əllərindən öpürdüm. Rüfət məni hər şeydən məhrum qoydu, onunla bağlı arzularım ürəyimdə qaldı (ağlayır). Mahnı çalınmamış mən durub, oynayırdım. O gedəndən bəri oynamağın nə olduğunu unutmuşum, oynaya bilmirəm, gülə bilmirəm.
- Digər övladlarınız subaydır?
- Onlar əkizdir, nə qədər desəm də, evlənmirlər. Hər şeyləri hazırdır, amma stəmirlər. Sanki sınıblar.
- Məlahət xanım, Rüfətdən danışmağa başlayanda ilk sözünüz o oldu ki, hamı müharibə bitti deyə, sevinəndə, mən oğlumu torpağa basdırırdım. Şəhid xəbəri gəldiyi anı xatırlayırsınız?
- Mən Konservatoriya məzunuyam. Həm müəllim işləyirəm, həm də ikinci iş kimi gəlin saçı yığıram. Bir tanışımız karantin olduğu üçün evdə kiçik yığıncaq kimi toy edirdi. Mən də onların saçını yığırdım. Gəlinim Sədərəyə getmişdi, işimi bitirib, onunla birgə pərdə, televizor alıb, evə qoyası idik. Rüfət də, ayın 6-sı Səmişlə danışanda deyibmiş ki, gələcəm, anama demə, birlikdə sürpriz edərik. Noyabrın 8-i Səmiş zəng elədi ki, ana, hardasan? Elə bilirdi, Sədərəkdəyəm. Dedim ki, telefonu atana ver. Soruşdu ki, nə olub, nə olub? Heç nə alma, Rüfət şəhid oldu, dedim… Qız telefonda necə qışqırdısa, səsinə hamı yığışdı.
Mən də, inanmadım, onun şəhid olduğunu qəbul etmədim. Deyirdilər, ölən Rüfət deyil. Hamımız bir-birimizi qucaqlayıb, ağlayırdıq, qışqırırdıq. 7 bacım var, hərəsi bir qurban demişdi, təki Rüfət olmasın, təki o, sağ qayıtsın. Dostunu çağırdılar ki, gəl sən bax, gör tanıya bilirsən? Rüfətimin üzünün yarısı yox idi. Dostu baxanda bilmişdi ki, odur. Götürüb, qucağına gətirmişdi. Onu yerə qoymamışdılar ki, yerdə qalası oğul deyil. Axı o, mənə demişdi gələcəm… Görmədim balamı, başını, qollarını qəlpə aparmışdı. Tanınmaz hala düşübmüş. Nəşi gələndə baxmadım, baxa bilməz idim. Necə yola salmışdımsa, o cür xatırlamaq istəyirdim. Deyirdi ki, mən tankam. Bütün ağır yükləri də, özüm daşıyıram. Heç kim məni yıxa bilməz. Həmin yerdə üç nəfər idilər, üçü də, şəhid oldu. Dostuna deyirmiş ki, yorulmuşum, amma qaça bilmərəm, kaş azca istirahət edə bilsəydim, dincliyimi alardım. Rüfətim o qədər qanacaqlı oğul idi ki… Başını qaldırıb bir qadına baxmazdı, amma uşaqlı, əlində ağır yüklü qadın görsəydi, mütləq ona kömək edərdi.
- 5 il keçib. Onun yoxluğu əvəllər daha ağrılı idi, yoxsa indi?
Ürəyimin yanğısı indi daha çoxdur. Əvvəl gümanım var idi ki, gələcək, amma başa düşürəm ki, daha gəlmir, gəlməyəcək, yanıram, yaşamaq istəmirəm, iki uşağıma görə qalmışam (ağlayır). Bircə dəqiqə Rüfət evə gəlsin, üzünü görüm. Ondan sonra canımı alsınlar, razıyam. Kaş bircə dəqiqə görə bilərdim, qucalayardım, bağrıma basıb, ölərdim. Fikirləşirəm ki, o vurulanda, başını torpağa qoyanda axrıncı sözü nə oldu? Ana uşağı idi. Atasıyla o qədər danışmırdılar. Yoldaşım bircə soruşurdu, danışmısan, yaxşıdır? Vəssəlam.
- Atalar soyuqqanlı olurlar.
- Yoldaşım qəbirüstünə də çox az gedir.
- Bəlkə də, oğlun o cür görmək istəmir.
Rüfətin məzarının şəklini göstərir. “Qəbirstanlığa getmişdik. Rüfətin yanındakı bütün şəhidləri də, ziyarət edirik, anaları olmayanların da qəbrinə baş çəkirik, hamısı bizim övladımızdır. Şəhidlərimizin doğum günlərini də, qeyd edirik, yığışıb süfrə açıb, ehsan verirəm”.
- Sizin neçə yaşınız var?
- 60. Axrıncı ad günümü Rüfətlə keçirmişəm.
- Rüfətinkini qeyd edirsiniz, amma…
“Biz, şəhid anaları çalışırıq ki, övladlarımızın xatirəsini yaşadaq. Əlimizdən gələni edək. Rüfətimin ad günündə süfrə bəzəyirəm, elə bilirəm o, buradadır, görür. O gedəndən sonra özümə aid hiç nəyi qeyd etmirəm, edə bilmərəm, əlim gəlmir”.
Yenidən fotoları göstərir.
- Çox dəyişmisiniz.
- Həmin adam deyiləm. Elə bil, o, mən deyiləm.
Məlahət xanımın bacarığı müəllimlik və saç yığımı ilə məhdud deyilmiş. Telefonda şəkilləri çevirə-çevirə özünün çəkdiyi rəsmləri də, göstərir. O, rəssamlığı da bacarırmış.
- İndi də, işləyirsiniz?
- Hərdən o qədər darıxıram ki, bilmirəm özümü hara vurum, nə edim. Onda başımı qatmaq üçün işləyirəm.
- Divanın üstündəki formaya baxıb, müharibədə geyindiyidir? Soruşuram.
“Bu formanı Rüfətim təlim vaxtı geyinib, şəhid olanda qollarından vurulduğu üçün, o forması yoxdur…”
Yenə xatirələr canlanır: “İçdiyi çay, qənd, çıxarıb, qoyduğu başmaqları - hamısı Rüfətin evindədir, heç birinə əl vurmamışıq. Dərd var, dərdin də dərdi, böyüyü var. Çox ağırdır. O, təmiz uşaq idi, çox.
Bir dəfə İsmayıllıya getmişdik. Çıxana yaxın dedi ki, mama, susamışam, bir kompot alım, içim. Evə gəlib çatanda, pulunu ödəmişəmmi? Xatırlamıram, dedi. Sabah gedəndə baxarıq, ödəyərsən, oğlum, dedim. Amma o, dayanmadı, “sabaha kim qaranti verir ki, sağ qalacayıq?” deyib, evdən çıxdı. 75 qəpikdən ötürü 46 kilometr yolu qayıtdı. Çatanda öyrəndik ki, pulu da, kürəkənimiz ödəyib.
Rüfət maaşını alıb, qocalara, kimsəsiz uşaqlara, imkansızlara kömək edirdi”.
- Bəs şəhid ailəsi kimi ev verildi sizə?
- Yox, oğluma evdən muzey düzəlmək istəyirəm. Onun geyimlərini, şəkillərini evdən asmaq, ehsanları orada vermək istəyirəm. Rüfətin ətirlərini də saxlayıram, boş qabları belə… (ağlayır).
- Stuldan durub, pəncərəyə doğru gedir, bizi də çağırır: “Dənizi o qədər sevirəm ki, 5 ildir bu pəncərədən dənizə, bulvara baxıram, amma bircə dəfə də getməmişəm, gedə bilmərəm. Həmişə Rüfətlə gəzirdik…. Mən yaşaya bilmirəm, axı o, gələcəm demişdi… (ağlayır)
Beləcə, şəhid Rüfət Əliyevin evindən ayrılıb, gedirik.
Foto - İlkin Nəbiyev © APA GROUP