Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində növbəti birgə iclası keçirilir.
Moderator.az xəbər verir ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri deputat Ağalar Vəliyev və Əziz Ələkbərov iştirak edirlər.
Səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra rəsmi görüşlərdə iştirak edirlər. Görüşlərdə iştirak edən Milli Məclisin deputatları Ağalar Vəliyev və Cavanşir Feyziyev Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışdılar. Deputatlar çıxışlarında “Üç dövlət, bir millət” prinsipi ilə aparılan əməkdaşlığın Türk Dövlətələrinin birliyinin daha da inkişafına səbəb olacağı vurğuladılar. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında bildirdi ki, “Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq səviyyədə tanınmasının başlanğıcındadır. Belə ki, Şimali Kipr Türk Cumhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir. Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusundadır. Bu böyük diplomatik uğurlarda Türkiyə dövlətinin, xüsusilə Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Bütün bunlar Türk Dünyasının möhkəmlənməsinə və Şimali Kipr Türk Cumhuriyyətinin azadlığına töhfədir.
Türk dünyasının birliyini yalnız ortaq etnik və mədəni kimlik deyil, həm də güclənən siyasi iradə və iqtisadi maraqlar birləşdirir. Azərbaycan, öz növbəsində, həm tarixi, həm coğrafi, həm də siyasi mövqeyi baxımından bu birliyin mərkəzlərindən biri kimi çıxış edir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatar müxtəlif səviyyəli tədbirlərlə bağlı Azərbaycana səfərlər etmiş, prezident cənab İlham Əliyevlə görüşmüşdür. Elə bu görüşlərdən biri oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə baş tutmuşdur. İki lider arasındakı görüşlərdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsi və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə predmeti olmuşdur.
Cənab Prezident İlham Əliyev Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir. O cümlədən, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr ən yüksək səviyyədə qurulmuşdur. Bu münasibətlər Türk birliyinin hərtərəfli inkişafına xidmət edir.