Sosioloq: “Ən böyük günahı azyaşlı ilə cinsi münasibətə girən şəxs daşıyır”
Xəbər verdiyimiz kimi, Azərbaycanda 16 yaşlı qızın ana olması faktı qeydə alınıb və ictimaiyyətdə ciddi rezonans doğurub. Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlayıb.
Onun sözlərinə görə, azyaşlı ana artıq qurumun tərkibində fəaliyyət göstərən sığınacağa yerləşdirilib: “Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona bütün zəruri dəstək göstərilib. Hazırda körpəsi ilə birlikdə sığınacaqda qalır. Qızın həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harada olduğu bilinmir. Azyaşlının dediyinə görə, həmin şəxs 27 yaşındadır”, - deyə Zeynalova bildirib.
Məlum məsələdir ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşlı qızla cinsi əlaqə istənilən halda azyaşlı ilə cinsi əlaqə kimi qiymətləndirilir və bu, Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ümumiyyətlə, belə hallara görə məsuliyyətin ən böyüyü kimdədir?
Sosioloq Üzeyir Şəfiyev də “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs bütün hallarda birinci dərəcəli məsuliyyət daşıyır: “Məlum məsələdir ki, Azərbaycan qanunvericiliyinə görə yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətə girmək Cinayət Məcəlləsinə əsasən ciddi hüquqi məsuliyyət yaradır. Bu, açıq şəkildə cinsi istismar və zorakılıq halı kimi qiymətləndirilir. Yəni burada ilk məsuliyyət birbaşa bu hərəkəti törədən şəxsin üzərinə düşür və həmin şəxs qanun qarşısında cavab verməlidir.
Burada məsələnin yalnız hüquqi deyil, həm də sosial və institusional məsuliyyət tərəfi var. Yəni ümumi məsuliyyətdən danışırıqsa, burada bir sıra suallar meydana çıxır: həmin qızın valideynləri varmı? Əgər yoxdursa, kim onun qəyyumudur? Himayəyə verilibmi, yoxsa dövlətin qorumasındadırmı? Bu məsələlər mütləq dəqiqləşdirilməlidir. Əgər uşaq hansısa şəxsin və ya ailənin qəyyumluğundadırsa, bu halda qəyyumun da məsuliyyət daşıdığı unudulmamalıdır. Qəyyum uşağın təhlükəsizliyinə, təhsilinə və sosial vəziyyətinə nəzarət etmək öhdəliyinə malikdir".
Sosioloqun sözlərinə görə, azyaşlı qızların erkən hamiləliyi və analığa məcbur qalması cəmiyyətin dərin sosial problemlərindən xəbər verir: “Bu problemlərin kökündə maarifləndirmə çatışmazlığı, ailə nəzarətinin zəifləməsi və məktəb nəzarət sisteminin qeyri-effektivliyi dayanır. Cəmiyyət olaraq belə halların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə və tərbiyəvi işlər aparılmalıdır. Məktəblərdə, liseylərdə, kollec və universitetlərdə gənclər arasında erkən nikah, zorakılıq və reproduktiv sağlamlıq mövzularında açıq söhbətlər təşkil edilməlidir. Təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların rolu artırılmalıdır. Onlara real səlahiyyət, resurs və dəstək verilməlidir ki, riskli qruplara daxil olan uşaqları vaxtında müəyyən etsinlər.
Həmçinin “Məktəblinin dostu” layihəsinin bərpası və genişləndirilməsini vacib hesab edirəm. Fikrimcə, belə layihələr vasitəsilə məktəblilərlə psixoloji-profilaktik söhbətlər aparmaq, onların davranış və emosional vəziyyətini izləmək mümkündür. Uşaqlarla psixoloqlar, pedaqoqlar və sosial işçilər mütəmadi ünsiyyətdə olsunlar. Belə halların qarşısı yalnız cəza ilə yox, profilaktika və maarifləndirmə ilə alınır".
Sosioloq əlavə edib ki, istintaq və araşdırma zamanı təkcə “ata”nın kimliyi deyil, həm də qızın məktəblə əlaqəsi və nəzarət mexanizmləri də araşdırılmalıdır: “Məsələn, həmin uşaq məktəbə gedirdimi? Əgər gedirdisə, davamiyyəti necə idi? Dərslərdən yayınma halları olubmu, bunlara görə kim məsuliyyət daşıyıb? Hadisə dərs vaxtı, yoxsa dərsdənkənar vaxtda baş verib? Əgər uşaq məktəbdən kənar qalıbsa, bu barədə məktəb rəhbərliyi və ya yerli icra orqanları xəbərdar idimi? Yəni burada təkcə bir fərdin deyil, bütün sistemin məsuliyyəti var.
Biz gənclərimizi qorumaq üçün onları maarifləndirməli, dinləməli və başa düşməliyik. Əks halda, bu kimi halların qarşısını almaq mümkün olmayacaq".