Qəzza üçün Balfur bəyyannaməsi və ya Tramp planı: Azərbaycanla Türkiyə işin içində olacaq - MÜSAHİBƏ
338
11:26, Bu gün

Qəzza üçün Balfur bəyyannaməsi və ya Tramp planı: Azərbaycanla Türkiyə işin içində olacaq - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Elxan bəy, Qəzzada atəşkəslə bağlı tərəflər arasında ilkin razılaşma var. Hər iki tərəf yəni, İsrail və Fələstində bu sevinclə qarşılandı. Razılaşma nə dərəcədə etibarlıdır?
 
- Bu razılaşmanın etibarlılığı tərəflərin buna riayət etməsindəna asılı olacaq. Yəni, HAMAS qruplaşması atəş açmasa, İsrail buna cavab verməyəcək. HAMAS-ın daxilində olan müxtəlif qruplaşmalar rəhbərliyin atəşkəsə razılığını pozarsa, gərginlik yarana bilər. Amma böyük ölçüdə atəşkəs var. Pozuntular olsa belə işin içərisində böyük dövlətlər də yer alır. Onlar hər iki tərəfə təsir edib yenidən atəşkəsə riayət etməyə məcbur edəcəklər.
 
- 20 maddəlik “Tramp planı”nın əsas hədəfi nədən ibarətdir? Bu plan Fələstində savaşı bitirəcəkmi?
 
- Bu plan əslində məsələnin köklü həllini ehtiva edir. Hələlik isə tərəflər ilkin mərhələdədir. İlkin mərhələdə isə atəşkəs, qüvvələrin geri çəkilməsi, HAMAS-ın tərksilah olunması, girovların qaytarılması və yenidənqurma işlərinə başlanılması ilə bağlıdır. 20 maddəlik planın ilk 4-5 maddəsi bundan ibarətdir.
 
 
- Fələstini bir dövlət kimi bir çox ölkələr tanıyıb. İsrail buna hazırdırmı?
 
- Sözsüz ki, İsrail hələ buna hazır deyil. “Tramp planı”nda bu amil də qeyri-müəyyən şəkildə yer alıb. Əslində razılaşmaların ilkin şərtləri icra olunsa, bunun özü Yaxın Şərqə böyük ölçüdə sülh gətirə bilər.
 
- Bəzən “Tramp planı”nın Balfur bəyannaməsindən daha təhlükəli olduğu iddia edilir. Bu məntiq nəyə əsaslanır?
 
- “Tramp planı” Balfur bəyyanaməsi (Balfur Bəyannaməsi Birinci Dünya müharibəsi zamanı 1917-ci ildə İngiltərə hökumətinin Fələstində, yəhudi əhalisinin az məskunlaşdığı Osmanlı bölgəsində "Yəhudi xalqı üçün milli ev" in qurulmasına dəstəyini elan edən bir bəyanat idi) ilə müqayisəsi birmənalı deyil. Bu indiyə kimi irəli sürülmüş planların cəmini təşkil edir. Burada faktiki olaraq hər şey var. Ona görə də 20 maddəlik bir plan hazırlanıb. Addım-addım gedilsə məsələ yekunda həll olunar və Yaxın Şərq barıt çəlləyi olmaqdan çıxar.
 
 
- Yeni planda Fələstin dövlətinin yaranması yoxdur, burada ABŞ özü üçün Las Veqas qurur və s kimi iddialar da səslənir…
 
- Las Veqas məsələsi geridə qaldı. Əsas odur ki, Qəzzada atəşkəsə nail olunsun və qəzzalılar öz evlərinə geri qayıtsın. Artıq ötən gündən onlar geri qayıdır. Yaşayış yerlərinin, xəstəxana və məktəblərin tikintisi ilə bağlı planlar olsa da buna kimin pul ayıracağı da məlum deyil. Fələstin dövlətinin yaradılmasının “Tramp planı”nda qəti şəkildə qoyulmadığı ayrı məsələdir. Atəşkəsə nail olunsa, HAMAS tərksilah edilsə, digər işləri görmək mümkün olacaq. Stabillik olsa, bəlkə İsraildə də anlayarlar ki, optimal variant iki dövlət modelidir. Bununla bağlı BMT-nin qətnamələri var. Əslində bu model İsrail üçün də faydalı ola bilər. Hazırkı mərhələdə isə Qəzzada tikinti bərpa işləri görüləcək, hətta bu işin içərisində Azərbaycanın da yer alacağı ehtimal edilir. Çünki Azərbaycan digər dövlətlərə hər zaman hümanitar yardım edib. Suriya, İraq bunun nümunəsidir.
 
 
- Türkiyə bu məsələdə hansı formada yer alır?
 
- Qətər, Misir və Türkiyə bu işin içərisindədir. Onlar ABŞ-lə birlikdə burada iştirak edir. Beynəlxalq qüvvələr də təhlükəsizliyə zəmant verə bilər. Bu halda Qəzzadan İsrailə raket atılmaz. Eyni zamanda orada beynəlxalq polis qüvvələrinin formalaşması ehtimalı var. Keçid mərhələsi üçün bunların olması mümkündür. Beynəlxalq təhlükəsizlik qüvvələri tərkibində Türkiyə ilə yanaşı Azərbaycandan da kiçik bir heyətin orada yer alması ehtimalı az deyil. Sonrakı dövrdə isə Qəzzanın Fələstinin idarəçiliyində olması daha vacibdir.
Link kopyalandı!
Son xəbərlər