Kiyevdəki qanlı gecənin dəhşətli təfərrüatı - REPORTAJ + FOTO
778
13:43, Bu gün

Kiyevdəki qanlı gecənin dəhşətli təfərrüatı - REPORTAJ + FOTO

İki həftə olardı müharibə başlamışdı. Amma hadisələr elə sürətlə baş verirdi ki, adama elə gəlirdi ki, sanki Kiyevə hücum dünən olub. 2022-ci ilin mart ayı da çox soyuq keçirdi. Amma şəhəri bürüyən döyüşlər və artilleriya zərbələri bu soyuğu belə hiss etdirmirdi.

8-10 kilometrlik yolu, küçələrlə uzanan postlardan keçib yaşadığım evə gəldim. İctimai nəqliyyat işləmirdi. Könüllü müdafiə bölmələrinin avtomobillərindən başqa küçələrdə heç nə gözə dəymirdi. Bütün tanıdığım həmyerlilər də getmişdilər. Nəqliyyat məsələsində çətinliklərlə üzləşmişdim.

Müharibə qəfil başladığına görə, sürücüsü trolleybusu qoyub qaçmışdı. Küçədə qalan avtobus, trolleybus və tramvaylar sonradan diversantlarla Kiyevin könüllü müdafiəçiləri arasında baş verən döyüşlərin barrikadasına çevrilib, alışıb yanmışdılar.

Kiyevdəki qanlı gecənin dəhşətli təfərrüatı

Səhər tezdən hücumların nəticələrini çəkmək üçün sol sahilə (Kiyevin Dnper çayının sol sahil hissəsi belə adlanır) getmişdim. Axşama kimi ac-susuz işləməkdən elə yorulmuşdum ki, evə girən kimi yuxuya getdim. O qədər bərk yatmışam ki, gecə yaxınlıqdakı "Lukyanovka" metrosunun ətrafını dağıdan "qrad" raketlərinin səsinə də oyana bilməmişəm...

Səhər saat 10 olardı, qapının ardıcıl zənginə oyandım. Qonşu idi, ərzaq bağlaması gətirmişdi.

Yaranmış vəziyyətə görə, şəhərdə tək-tük marketlərdən başqa demək olar ki, bütün mağazalar işləmirdi. Kiyevin kənarında yerləşən ən böyük "Markov" un məmulatları zavodu partladıldığına görə, şəhərdə çörək qıtlığı vardı.

Ərzaq gətirən qonşu 50-55 yaşlı Olena adlı qadın idi. Yaşadığımız binanın sakinlərinin əksəriyyəti müharibənin ilk günlərində çıxıb getmişdilər. Amma Olena iki pişiyi ilə qalmışdı. Ara-sıra mənə kolbasa, kefir, qaynadılmış kartof və bəzən də 200-300 qram çəkilmə araq gətirirdi. Bir neçə dəfə pul təklif etmişdim amma heç vaxt götürməmişdi. Sonralar mən də ona milli məhsullarımızdan gətirib hədiyyə etdim.

Qapını açıb gördüm ki, ərzağı qapının ağzına qoyub gözləməyib gedib. Paketi götürdüm. Bir az kəsmik, qaynadılmış yumurta, yerli şirniyyat gətirmişdi. Oturub, acgözlüklə yeməyə başlamışdım ki, telefonuma zəng gəldi...

Kiyevdəki qanlı gecənin dəhşətli təfərrüatı

Kiyevdəki qanlı gecənin təfərrüatı...

Petro idi. Sol sahildəki ərazi könüllü müdafiə batalyonunun "starşına"sı:

- Gecə sənin yaxınlığında, "Pobeda" prospektində möhkəm atışma olub. Səhərə kimi davam edib. Çəkmək istəmirsən? - sualına, dərhal "istəriyəm" dedim və xahiş etdim ki, mümkünsə nəqliyyat vasitəsi təşkil etsin. Ayaqlarım yeriməkdən şişmişdi. Bir az fikirləşib "yaxşı" dedi. Yarım saat sonra maşın aşağıda məni gözləyirdi.

Hadisə yerinə çatanda gördüm ki, prospektin üstündən keçən körpünün altı qan gölünə dönüb. "Pobeda" prospektinin şəhərin mərkəzinə yaxın hissəsi buradan başlayırdı. 3-4 maşın bir-biri ilə yaxın məsafədən necə döyüşmüşdülərsə, körpünün divarları yanmışdı. Üzbəüz döyüşdə kiçik çaplı silahlardan başqa, minaatan və əl qumbaralarından da istifadə edilmişdi... Oradakı polis və hərbiçilər izah etdilər ki, gecə saat iki radələrində qarşı tərəfdən iki mikroavtobus sürətlə gələrək xəbərdarlığa məhəl qoymayıb, nəticədə Milli Qvardiya əsgərlərinin onları atəşə tutmasına atəşlə cavab veriblər. Dedilər mikroavtobusdakılar diversantlar olublar. Meyitlərin hamısı yandığından, büküb götürürdülər.

Yenicə çəkilişə başlamışdım, Petro da gəldi. Narahat idi. Gecə, başqa bir könüllü batalyonunda olan qardaşı itmişdi, hələ də tapa bilmirdi. Hirsindən, hücum edənlərin qarasına söyüb, yamanlayırdı. Çəkilişim bitən kimi, materialı dərhal redaksiyaya göndərib, dedim ki, imkanları varsa məni də özləri ilə götürsünlər, gəzdikləri yerdə yolboyu nəsə görsəm çəkim. Razılaşdılar. Axşama qədər əsasən Petronun qardaşını axtardılar. Son sutkada döyüşlərdən tapılan meyitlərə, morqlara, xəstəxanalara bir-bir baxdılar, yanmışları yoxladılar, tapılmadı.

Kiyevdəki qanlı gecənin dəhşətli təfərrüatı

Aradan bir həftə keçdi. Petrodan səs-səmir gəlmirdi. Zəng edib hal-əhval edəndə, dedikləri məni dəhşətə gətirdi...

Həmən gün "Pobeda" prospektində atışma diversantlarla yox, sən demə onun qardaşının mənsub olduğu batalyonun əsgərləri ilə imiş... "Dayan" tələblərini dinlənilməyən Milli Qvardiya könüllü batalyonunun döyüşçülərini atəşə tutublar. Səhvən bir-birini qırıblar. Nəticədə atışmada, hamısı o cümlədən Petronun qardaşı da yanaraq ölüb. Sonradan ölənlərin meyitləri üzərində laboratoriya müayinəsi apararkən məlum olub ki, bunlar diversantlar yox, bir həftədir itkin düşən ukraynalı könüllülər olublar. Ən qəribəsi də bu idi ki, həmən gün Petro Kiyevdə olan bütün morqlarda bütün yanmış meyitləri yoxlamışdı, tək oradakı atışmada yanan meyitlərdən başqa...

Mübariz Aslanov

Link kopyalandı!
Son xəbərlər