Xalq artisti, ustad sənətkar Nəzakət Teymurova Dubayda keçirilən beynəlxalq “Mehr” festivalında çıxış edib.
Moderator.az-a danışan sənətkar bildirib ki, ermənilər bu dəfə də Azərbaycan mahnısını ifa ediblər:
“Bu günlərdə Dubayda keçirilən “Mehr” festivalından böyük təəssüratlarla qayıtmışam. Mən ilk dəfə idi ki, orada jüri kimi çıxış edirdim, ölkəmizi gənc və istedadlı xanəndə Məftun Səfərli təmsil edirdi. 30-ya yaxın ölkələrdən 100-dən çox iştirakçı var idi. Ən güclü ifaçı deyərdim ki, elə bizdə idi. Çox təəssüf ki, festivalda qanımı qaraldan nüanslar da oldu. Belə ki, ermənilər 4 mahnı ifa etdilər, onun ikisi Azərbaycan mahnısı idi. Mən etirazımı bildirdim, hətta festivalda əvvəl də, sonra da onlarla mübahisələrim düşdülər. Onlara görə bütün dünyada yaranan musiqilər erməni mahnılarıdır. Bu onların lazımsız iddialarıdır. Etirazımı onların balını kəsməklə bildirdim. Özlərinə də dedim ki, mən sizin ifaçınıza bal verməyəcəm. Biz birinci yerə layiq görüldük. Çox sevinirəm ki, ölkəmizi belə nüfuzlu festivallarda böyük şövqlə, sevinclə təmsil edirik” deyə sənətkar bildirib.
Xanım xanəndə həmçinin onu narahat edən bəzi nüanslardan da danışıb:
“Həyatda halallıq deyilən bir anlam var. Mən iç dünyamı oxuyuram, mən öz həsrətimi oxuyuram, yaşayıram. Digər insan necə deyə bilər ki, mən də onun kimi oxudum? Eyni nəfəsləri, eyni boğazları edirlər. Onun-bunu boğazını edib, başqalarının adına çıxarırlar. Mən belə insanları başa düşə bilmirəm. Muğamda da bu nüanslar dəyişib. Hörmət-izzət qalmayıb. Muğamın özü ilahi bir varlıqdır, xahiş edirəm onu çirkaba atmasınlar. Çox təəssüflər olsun. Bilmirəm indiki gənclər nə yeyib, nə içirlər belə danışırlar. Bu sahəni şouya çevirmək olmaz. Biz həmişə ustadlarımızı gözümüzün üstündə saxlamışıq. Həm öz ustadlarımıza, həm də bizə dərs deməyən sənətkarlara böyük hörmətlə yanaşmışıq. İndi o hörməti bir çoxu unudub. Mən arzu edirəm ki, gənclər böyük-kiçik yeri bilsinlər” deyə o bildirib.
Nəzakət Teymurova Arif Babayevlə bağlı xatirələrini də bizimlə bölüşüb:
“Arif müəllim mənim ustadım idi. Bir bilsəniz onu mən nə qədər çox istəyirdim. Bizim aramızda ata-bala münasibəti var idi. Arif müəllim həmişə deyirdi ki, “başını aşağı sal, işini gör, dedi-qodulara cavab vermə”. Mən də həmişə belə etmişəm. Onun sözləri qulağımda sırqa kimi qalıb. Bir çox mahnıları mən Arif müəllimin ifasında sevib oxumuşam. Tələbə vaxtımda əlimdə bir blaknot olurdu, deyirdim ki, Arif müəllim bu mahnının filan yerini necə oxumusuz? Burada necə boğaz etmisiz? O qədər sual verirdim ki, Arif müəllimi bezdirirdim. Hərdən özü də deyirdi ki, “ay bala, əl çək də məndən, dincəl” (gülür). Konsertlərimdə hər zaman birinci sırada olurdu. Bəyəndiklərini də, bəyənmədiklərini də deyirdi. Filarmoniyada bir dəfə “Şur” təsnifindən oxumuşdum, bəyənməmişdi. Konsertdən sonra mənə dedi ki, “sən mənə desəydin ki, “Şur” oxuyacaqsan, mən sənə məsləhətlərimi verərdim”. O vaxt üçün elə bilirdim ki, yaxşı oxumuşam. Ustad sözü, münasibəti axı başqadır. Həftədə 1-2 dəfə zəng edirdim, zəng etməyəndə özü zəng edib deyirdi ki, “ay bala, səndən heç xəbər yoxdur?”. Arif müəllim elə bir sənətkardır ki, heç vaxt unudulmayacaq və ifa etdiyi əsərlər gələcək nəsillərə bir örnək kimi qalacaq” deyə sənətkar bildirib.
