Bizi sosial şəbəkələrdən izləyin:
Polşa vətəndaşı Karolina Krjizak “sağlam həyat tərzi” dalınca gedərək yalnız meyvələrlə qidalanmağa başlayıb, lakin bu seçim onun həyatına son qoyub.
27 yaşlı qadın Balidəki otel otağında sərt fruktorian (yalnız meyvə əsaslı) pəhriz səbəbindən dünyasını dəyişib. O, illərlə yalnız təzə meyvələr yeyir, tibbi yardımdan isə qəti şəkildə imtina edirdi.
Son günlərdə Karolina artıq ayaq üstə dura bilməyəcək qədər zəifləyib, lakin buna baxmayaraq həkimlərin köməyini rədd edib və yalnız meyvə gətirilməsini tələb edib. Onun çəkisi 23 kiloqramdan az, orqanizmi isə ciddi qidalanma çatışmazlığından zərər görmüşdü — dişləri və dırnaqları sıradan çıxıb, bədən vəziyyəti ağır dərəcədə pisləşmişdi.
Dostlarının sözlərinə görə, o, özünü çox zəif hiss etsə də, seçdiyi “sağlam həyat tərzi” ilə qürur duyurdu.
Karolina Varşavada doğulub, 18 yaşında Böyük Britaniyaya köçərək Lids Universitetində təhsil alıb. Elə orada yoqa və veganizm ilə maraqlanmağa başlayıb. Daha sonra Balidə fruktorian həyat tərzini dəstəkləyən məşqçilərlə əlaqə qurub, səhhəti ağırlaşsa da, pəhrizdən imtina etməyib.
Həkimlər xəbərdarlıq edir ki, bu cür ekstremal pəhrizlər orqanizmi bərpaolunmaz dərəcədə zəiflədə və ölümlə nəticələnə bilər. Sağlam həyat tərzi balanslı və elmi əsaslara söykənməlidir. /Musavat.com/