Prezidentdən “Türk NATO-su” təklifi - bədxahlara gözdağı
772
12:38, Bu gün

Prezidentdən “Türk NATO-su” təklifi - bədxahlara gözdağı

2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təşəbbüsü TDT ilə bağlı yeni hədəflərin anonsudur

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”, - deyə Prezident Əliyev təşəbbüs irəli sürüb.

Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təşəbbüsü TDT ilə bağlı yeni hədəflərin anonsudur. TDT-nin “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş Qəbələ Zirvəsində belə bir anonsun səslənməsi bəzi qüvvələri və paytaxtları əbəs yerə narahat edir, çünki Turan ordusunun, “Türk NATO-su”nun varlığı hər hansı ölkəyə qarşı təhdid deyil, sadəcə, sülhə, təhlükəsizliyə töhfə sayılmalıdır. Hansısa mərkəzlərin necə düşünməsindən asılı olmayaraq, artıq “Türk NATO-su”, yaxud “Turan ordusu” yaradılması bir zərurətə çevrilib. Dünyada gedən geopolitik qarşıdurmalar, blokların və qütblərin yaranması, “soyuq müharibə”nin dərinləşməsi, təhlükəsizlik probleminin bir nömrəli məsələyə çevrilməsi TDT-nin hərbi qanadının yaranmasını da qaçılmaz edir. Zaman-zaman da bu təkliflər səslənib ki, 400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılsın. Türkiyə ilə yanaşı Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələrlə olan əməkdaşlığın gücləndirilməsi, gələcəkdə TDT-nin daha da güclü birlik halına gəlməsi ortaq ordu qurulması baxımından vacibdir.

Mövzumuzla əlaqədar Milli Məclis üzvlərinə müraciət etdik.

 Arzu Nağıyev 

Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə toplantısının ən mühüm istiqamətlərindən biri təhlükəsizlik məsələləridir: “Məlumdur ki, hər bir dövlətə yönələn təhdidlərin qarşısının alınması, bu gün dünyada baş verən proseslər və beynəlxalq düzənin pozulması fonunda, zəruri və qaçılmazdır. Əsas məqam ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq "yumşaq güc" mərhələsindən çıxaraq hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, xüsusi xidmət orqanları səviyyəsində məlumat mübadiləsi və digər təhlükəsizlik məsələlərinin həlli istiqamətində konkret addımlar atır. 2026-cı ildə planlaşdırılan birgə təlimlərlə bağlı cənab Prezident İlham Əliyevin təklifi, üzv dövlətlərin həmin il Azərbaycanda birgə təlimlər keçirməsi təşəbbüsü, təkcə simvolik deyil, həm də praktik baxımdan son dərəcə mühüm addımdır. Bu, sırf hərbi tədbir deyil, Türk dünyasının təhlükəsiz inteqrasiyasına doğru atılmış strateji və düşünülmüş təşəbbüsdür".

A.Nağıyev qeyd etdi ki, gələcəkdə bu təşəbbüs “Türk NATO-su” kimi strukturun hüquqi və siyasi əsaslarını möhkəmləndirə bilər, lakin ilkin mərhələdə məqsəd əməkdaşlıq, koordinasiya və qarşılıqlı müdafiə mədəniyyətini formalaşdırmaqdır: “Məlumdur ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq bundan sonra daha da dərinləşdiriləcək. Üzv ölkələrin orduları arasında taktiki və strateji baxımdan uyğunluq yaradılacaq, regionda strateji həmrəylik nümayiş etdiriləcək və müxtəlif strategiya, taktika və müdafiə mexanizmlərinin praktiki sınaqdan keçirilməsi mümkün olacaq. Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin bu prosesdə bir araya gəlməsi türk dünyasının "birləşmiş güc" konsepsiyasının formalaşmasına zəmin yaradacaq. Təbii ki, “Türk NATO-su” ifadəsi daha çox siyasi-analitik müstəvidə işlədilir". Komitə sədrinin sözlərinə görə, hələlik bu, formal bir təşəbbüs xarakteri daşımır, lakin bu istiqamətdə təcrübə toplanır: “Türkiyə, NATO üzvü kimi, öz hərbi təcrübəsini və standartlarını digər türk dövlətləri ilə bölüşür. Azərbaycanla Türkiyə arasında mövcud olan müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsi kimi sənədlər, eləcə də digər türk dövlətləri arasında imzalanan bənzər razılaşmalar bu prosesin əsasını təşkil edir. Müdafiə sənayesinin inkişafı, birgə təlimlər və kadr mübadiləsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.

A.Nağıyev reallığı düzgün qiymətləndirməyi vacib sayır: “Təbii ki, belə bir struktur bir anda formalaşa bilməz. Bu, zamanla təkmilləşməli və təhlükəsizlik məsələlərində müəyyən dövlətlərin etirazlarına baxmayaraq inkişaf etməlidir. Bunlar müxtəlif fikirlər irəli sürə bilərlər, lakin əsas məqam ortaq təhlükəsizliyin təmin edilməsidir. Regional sabitlik, xarici təhdidlər və qeyri-sabitlik hallarında müdafiə məsələlərinin yenidən nəzərdən keçirilməsi, eləcə də Orta Asiya və Qafqazda müxtəlif istiqamətlərdə təhlükəsizlik kəmərinin yaradılması çox mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, cənab Prezidentin bu təklifi ciddi töhfələr verəcək və böyük güclər qarşısında türk dövlətlərinin siyasi çəkisini xeyli artırmaq imkanını təmin edəcək”.

Milli Məclisin komitə sədri vurğuladı ki, hər bir dövlət özünün müstəqil, daxili və xarici siyasətini qurur: “Bu gün dövlət və dövlətçiliyə olan təhdidin qarşısını alınması ən mühüm məsələdir, ən mühüm strategiyadadır. Burada nəzərdə tutulan təşəbbüsün NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi bloklara alternativ kimi qiymətləndirilməsi isə tamamilə yanlış olar. Bu, daha çox tamamlayıcı xarakter daşıya bilər. Yəni məqsəd yeni blok yaratmaq deyil, türk dünyasının müdafiə və strateji koordinasiya qabiliyyətini artırmaqdır. Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, Ali Baş Komandan kimi cənab İlham Əliyevin təklifi bu istiqamətdə çox mühüm əhəmiyyət daşıyır və bu gün dünyada baş verən hadisələr kontekstində ən vacib və düzgün qərar hesab edilməlidir”.

Elçin Mirzəbəyli

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli bu mövzuda qəzetimizə açıqlamasında bildirdi ki, oktyabrın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təklifi əslində təkcə təhlükəsizlik sahəsində əməkdaşlığa çağırış deyil, həm də Türk dünyasının gələcək geosiyasi konturlarını müəyyənləşdirən strateji bəyanatdır: “Prezidentin bu çıxışı Türk dövlətləri arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində inteqrasiyanın yeni mərhələsinə keçidin başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər. İlham Əliyevin təşəbbüsü bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı, artıq yalnız iqtisadi, mədəni və humanitar əməkdaşlıq formatı ilə kifayətlənə bilməz. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələsi hər bir regional təşkilatın dayanıqlığının əsas şərtinə çevrilib. Dünya miqyasında dərinləşən geosiyasi qarşıdurmalar, qütblərin və blokların yaranması, yeni "soyuq müharibə"nin elementlərinin müşahidə olunması şəraitində TDT-nin özünün hərbi-siyasi güc mərkəzinə çevrilməsi strateji zərurətdir".

E.Mirzəbəyli bu təşəbbüsün həm də 400 milyonluq Türk coğrafiyası üçün təhlükəsizlik çətirinin formalaşdırılması baxımından mühüm addım olmasına diqqət çəkdi: “Əgər keçmişdə Türk xalqlarının inteqrasiyası ideyası mədəni və mənəvi birliyə xidmət edirdisə, bu gün həmin birlik praktik təhlükəsizlik mexanizmləri üzərində qurulmalıdır. Hərbi təlimlərin təşkili, müdafiə sənayesi və kəşfiyyat sahəsində koordinasiyanın artırılması, ortaq qərargah mexanizmlərinin yaradılması gələcəkdə Türk dövlətlərinin hərbi ittifaqına aparan yoldur. Azərbaycanın bu təşəbbüsü irəli sürməsi tam məntiqlidir. Çünki Azərbaycan son illərdə regional sabitlik və təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı rol oynayır. 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurlu nəticələri göstərdi ki, milli müdafiə strategiyasını müasir texnologiyalar, çevik diplomatiya və real döyüş təcrübəsi üzərində quran ölkələr bölgədə yeni güc balansı yarada bilər. Bu baxımdan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təklifi təkcə siyasi ideya deyil, konkret təcrübəyə söykənən strateji təşəbbüsdür”.

Millət vəkili xüsusilə vurğuladı ki, dünyada baş verən proseslər Türk dövlətlərini bir-birinə daha sıx bağlanmağa məcbur edir: “Qərb və Şərq arasında formalaşan yeni rəqabət, Asiya və Avropa arasında enerji və logistika marşrutlarının dəyişməsi, regionda sabitliyi pozmaq istəyən qüvvələrin aktivləşməsi TDT-nin öz təhlükəsizlik mexanizmini qurmasını qaçılmaz edir. Bu həm də bədxah qüvvələrə açıq mesajdır: Türk dövlətləri artıq ayrı-ayrılıqda deyil, vahid maraqlar ətrafında birləşmiş strateji mərkəz kimi çıxış edirlər”.

E.Mirzəbəylinin fikrincə, bu prosesin uğurla davam etməsi TDT-nin siyasi birlikdən real strateji ittifaqa çevrilməsini təmin edə bilər: “Əgər 2026-cı ildə planlaşdırılan birgə təlimlər həyata keçirilərsə, bu, gələcəkdə Türk dövlətlərinin müdafiə alyansının hüquqi-siyasi əsaslarını formalaşdıra bilər. Belə bir mexanizm nəinki regional təhlükəsizliyə, həm də beynəlxalq güc balansına yeni, ədalətli və tarazlaşdırılmış format gətirəcək. Prezident İlham Əliyevin Qəbələdə səsləndirdiyi ideya bir daha nümayiş etdirdi ki, Türk dünyası nə Qərbin, nə də Şərqin orbitində olmaq niyyətindədir. Türk dövlətləri öz təhlükəsizlik arxitekturasını, öz kollektiv müdafiə sistemini və öz suverenlik doktrinasını formalaşdırmaq istiqamətində qəti iradə nümayiş etdirir. Bu təşəbbüs XXI əsrdə Türk birliyinin təkcə mədəni və siyasi deyil, həm də hərbi-strateji güc mərkəzinə çevrilməsi yolunda tarixi addımdır”.

Link kopyalandı!
Son xəbərlər