Bizi sosial şəbəkələrdən izləyin:
“2016-cı ildə mən “O səs Türkiyə” musiqi yarışmasına qatıldım və iştirak etdim. Orada bir türk qardaşımızla fərqli-fərqli janrlarda duellərə çıxırdıq. Hadisə xanım bir az çətinlik çəkdi bizi seçməyə, ona görə də Okanı seçdi. Mən həmin yarışmada dedim ki, “ermənilərə məğlub olsaydım üzülərdim, mən öz qardaşıma uduzmuşam və bununla da fəxr edirəm”. Bu sözüm Acun bəyə xoş gəldi və 2017-ci ildə məni yenidən yarışmaya dəvət etdi. “Duyanlara duymayanlara” mahnısını ifa etdim. Artıq Bakıya qayıtdığım zaman gördüm ki, məni hər kəs tanıyır və insanların sevgisini qazanmışam”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, ölkəmizi dəfələrlə yarışma və müsabiqələrdə təmsil edən Ozan Əhmədov deyib.
O daha sonra yarışmada gündəm olan hərəkətindən danışıb:
“O ki, qaldı Hadisə ilə bir dəfə görüşməyimə.. Yarışmaya qatıldığım zaman mən ilk dəfə idi ki, Türkiyəyə gedirdim və bilmirdim ki, onlarda iki və ya üç dəfə bir-birləriylə görüşürlər. Çox çətin və ağır bir uşaqlıq yaşamışam. Elə imkanımız olmayıb ki, evimizə türk kanallarını göstərən aparat alaq. Ona görə məlumatsız olmuşam. Azərbaycanda hər kəs bir-biri ilə görüşəndə bir dəfə öpür. Bir üzlə görüşürlər. Türklərdə də iki dəfə. Anidən görüşdüm, Hadisə xanım ikinci dəfə məni öpmək istəyəndə belə demək mümkündürsə qaçdım. Bu öncədən planlaşdırılmış bir şey deyil, real hadisə idi. Bu hadisəyə şahidlik edən Murat Boz isə bunu görən kimi oradan uzaqlaşdı. Hazırda 2027-ci ildə keçiriləcək “Survivor” yarışmasına hazırlaşıram. “Acun medya”-da çalışan bir çox dostlarla əlaqələrim bu gün də qalıb”.
Ozan bildirib ki, müxtəlif janrlarda ifa etməyi bacarsa da, özünün də çox sevdiyi bir janr var:

“Tərzim və janrım demək olar ki, Avropada ən çox sevilən janrlardandır. Pop janra bir az da Flamenco janrı qatıb çalışıram. Onu da qeyd edim ki, hazırda bizim xalq və klassik mahnılarımızı yeni tərzdə ifa edən gənclərin 80 faizi savadı olmayan və səs tonu zəif olan ifaçılardır. Bu bir tərəfdən insanları və öz kütləsini aldatmaq deməkdir. Hər bir musiqiçi özü-özünü gözəl bilir ki, nəyə qadirdir. Bu müğənnilərin piar menecerləri sadəcə çox gözəl işləyir. O müğənnilər sanki blogerdir. Mənə elə gəlir ki, musiqiçi öz musiqisiylə, şair öz şairliyiylə, müğənni isə oxumağı ilə gündəmə gəlməlidir. Amma indi tərsinədir. Ailə-məişət, qalmaqal və artıq-əskik söz-söhbətlər edirlər. Bu da piar üçündür. Bu yerdə sənətdən söz gedə bilməz. Hazırda bir neçə layihə və ifa üzərində işləyirəm, bu günlərdə təqdim edəcəm. Akif İslamzadənin “Bu gecə” mahnısını özünün icazəsi və razılığı ilə ifa etmişəm. Onları da yaxın günlərdə təqdim edəcəm”.
Qeyd edək ki, Ozan Əhmədov “O səs Türkiyə” yarışmasında bir-birindən maraqlı ifaları ilə yadda qalıb. Onun ifasında “duyanlara-duymayanlara” mahnısı daha çox sevilib və məşhurlaşıb.