Millimiz 30 il sonra Parisdə: “Oser faciəsi” təkrarlana bilərmi?
252
09:13, Bu gün

Millimiz 30 il sonra Parisdə: “Oser faciəsi” təkrarlana bilərmi?

Nəticəsi böyük ölçüdə əvvəlcədən məlum olan bir oyuna çıxırıq
 
Azərbaycan yığması oktyabrın 10-da dünya çempionatı 2026-nın seçmə mərhələsində Parisdə Fransa millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.
 
Qeyd edək ki, oyunöncəsi “Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe “Vilyarreal”la (3:1) oyunda sağ topuq bağlarının dartılması səbəbindən bərpa kursu keçir və Azərbaycanla oyunda iştirak edə bilməsə, bu, millimiz üçün üstünlüklərdən biri olacaq.
 
Azərbaycan millisi tarixinin ən ağır məğlubiyyətini məhz Fransadan alıb. Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də “Oser faciəsi” kimi tanınan görüş 6 sentyabr 1995-ci ildə olub. Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma yaddaşlardan silinməyib. Ona görə də futbol mütəxəssisləri hesab edirlər ki, millimizin üzərində həm də bu nəticədən dolayı bir basqı ola bilər. Amma Ukrayna ilə son olaraq, Bakıdakı qarşılaşmanı (1-1 hesabı ilə başa çatmışdı) düşünüb, rusvayçı məğlubiyyətin olmayacağına ümid edənlər də az deyil.
 
Hazırda millinin yeni baş məşqçisi Ayxan Abbasovdur. Onun ilk rəsmi sınağı Fransa ilə olacaq. Təbii ki, səfərdən müsbət nəticə gözlənilmir, amma “Oser faciəsi” təkrarlana bilərmi?

 
Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a açıqlamasında məğlubiyyəti istisna etmədiyini söylədi, amma meydanda ləyaqətli mübarizə aparmağın heç də mümkünsüz olmadığını da diqqətə çatdırdı: “Azərbaycanı Fransa ilə ağır oyunun gözlədiyi bəllidir. Komandalar arasında səviyyə fərqi kəskindir. Amma buna rəğmən "Oser faciəsi"nin təkrarlanacağını gözləmirəm. Hazırda Azərbaycan yığmasının düşərgəsində pozitiv ab-hava olmalıdır. Ukrayna ilə oyun göstərdi ki, Santuşun gedişindən sonra Ayxan Abbasov komandanı toparlaya bilib. Fransa ilə qarşılaşmada azərbaycanlı futbolçular sərt, aqressiv oyuna üstünlük verməlidir. Rəqibdən çəkinməyə ehtiyac yoxdur. “Qorxan gözə çöp düşər” deyimini əsas götürsək, Fransa ilə oyunda qorxaq futbol növbəti faciəni yaşada bilər. Güman ki, bunu məşqçilər korpusu, futbolçular da anlayırlar. Azərbaycan yığmasının itirəcək nəyisə yoxdur. Ona görə də fransızlara meydanda istədikləri kimi davranmaq şansı verilməməlidir. Belə olsa, onlar məşq edirlərmiş kimi, xeyli qol vuracaqlar. Amma Fransa yığmasına qarşı aqressiv futbol sərgilənsə, istər-istəməz çəkinəcəklər. Ulduz futbolçular yığmanın düşərgəsində zədələnməyi arzulamazlar. Bizim futbolçuların aqressivliyi fonunda onlar maksimum ehtiyatlı davranacaq, qarşılaşmanı “itki” vermədən qazanmağa çalışacaqlar.
 
Fransızlara qarşı meydanın hər nöqtəsində pressinq tətbiq olunmalıdır. Onlar topu rahat qəbul etməməlidirlər. Tamamilə müdafiəyə çəkilsək, bu, rəqib üçün göydəndüşmə şans olar. Amma belə oyun üçün də fiziki cəhətdən hazırlıqlı olmaq gərəkir. Azərbaycan yığmasındakı futbolçuların fiziki durumu necədir, belə mübarizəyə tab gətirə bilərlərmi? Yəqin ki, məşqçilər korpusunda bununla bağlı müfəssəl məlumatlar var və buna uyğun da taktiki sistemi quracaqlar. Azərbaycan yığmasının Fransaya qalib gəlməsi möcüzə olardı. Və əslində yığmadan kimsə bunu gözləmir də. Sadəcə, azarkeşlər mübarizə gözləyir, meydana çıxıb ləyaqətlə mübarizə aparmaq lazımdır. Onda azarkeşlər məğlub olan komandanı da alqışlayar".

 
Futbol mütəxəssisi Kənan Məstəliyev məğlubiyyəti qaçılmaz hesab etsə də, oyunçuların sona qədər əzmkarlıqla mübarizə aparacaqlarını düşünür: “İnanmaq istəyirəm ki, o faciə təkrarlanmayacaq. Düzdür, Fransa çox güclü komandadır və nəinki seçmə mərhələnin, ümumiyyətlə, bütün turnirin əsas favoritlərindən biridir. Bizim üçün bu qarşılaşma olduqca çətin olacaq. "Park de Prens" nəinki Avropa, ümumilikdə dünyanın istənilən komandası üçün ağır sınaq yeri sayılır. Messili Argentina, Ronaldolu Portuqaliya, həmçinin Almaniya, İtaliya və digərləri belə bu arenada qələbə və ya xal qazanmağı özü üçün uğurlu nəticə saya bilər. Bu səbəbdən Fransanın böyük hesabla qalib gəlmək ehtimalı yüksəkdir və bu, normal qarşılanmalıdır. Hətta 1995-ci ildə “Oser faciəsi” kimi yadda qalan 0:10 hesablı nəticə belə təkrarlansa, bu, sensasiya sayılmamalıdır. Amma mən bu məğlubiyyətə inanmıram. Daha az hesabla məğlub olacağıq. Bizim üçün matçda əsas olan nəticə yox, mübarizə aparmaq, formanın haqqını verməkdir. Məncə, belə də olacaq. Çünki uzun illər sonra millini yerli mütəxəssis çalışdırır. Ayxan Abbasov yaxşı məşqçidir, özünü sübut edib, indi də əsas millidə buna nail olmaq istəyir. İnanıram ki, o bunu bacaracaq. AFFA-nın ona etimad göstərməsi alqışlanmalıdır".
Link kopyalandı!
Son xəbərlər