348
18:51, Bu gün

"Dünyanın "ən böyük demokratiyaları" 22 yaşlı gənc qadına qarşı" - "TRT Qlobal"

 
"Belə gənc yaşda bu qədər kinli olmaq ağlasığmazdır, o, həkimə müraciət etməlidir..."
 
Oktyabrın əvvəlində "Global Sumud" adlı beynəlxalq flotiliyanın ikinci dalğası Qəzzaya doğru yola çıxıb. Məqsəd - blokada altındakı bölgəyə humanitar yardım çatdırmaq və mülki əhalinin vəziyyətinə diqqət çəkmək olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "TRT Qlobal" nəşri məlumat yayıb.
 
Humanitar missiyanın dayandırılması
Məlumatda deyilir ki, buna baxmayaraq, İsrail ordusu dənizdə hərəkət edən azı üç gəmini - "Gaza Sunbirds", "Alaa Al-Najjar" və "Anas Al-Sharif"i  04:34 radələrində Qəzzadan 220 kilometr uzaqlıqda silah gücü ilə dayandırıb. Dördüncü gəmi "Conscience" (“Vicdan”) isə hücuma məruz qalıb, içərisində 90-dan çox könüllü olub.
 
İsrail Xarici İşlər Nazirliyi hadisəni "təhlükəsizlik tədbiri" adlandıraraq bildirib ki, bütün sərnişinlər "sağ və salamatdır" və dərhal deportasiya ediləcək. Lakin "Global Sumud" təşkilatçıları bu əməliyyatı beynəlxalq dəniz hüququnun açıq şəkildə pozulması və "humanitar təşəbbüsün cəzası" kimi qiymətləndirib.
 
22 yaşlı qadının etiraz səsi
 
Flotiliyada iştirak edənlər arasında ekofəal Qreta Tundberq də olub. O, artıq bir neçə ildir ki, Qəzzada baş verənləri açıq şəkildə tənqid edir və humanitar blokadanın aradan qaldırılmasını tələb edir. İsraildə saxlanıldıqdan və daha sonra deportasiya olunduqdan sonra Tundberq Stokholmda keçirdiyi mətbuat konfransında şok doğuran açıqlamalar verib:
 
"Bizə dedilər ki, həkim istəsək, bizi qazla öldürəcəklər. 60 nəfəri dar hücrələrə saldılar, təmiz su vermirdilər, lağ edirdilər. Mən bu barədə danışmaq istəmirəm, çünki bu hekayə mənimlə yox, Qəzzadakı insanlarla bağlıdır", - o, jurnalistlərə bildirib. Gənc fəal İsrailin "Ktsiyot" həbsxanasında saxlanıldığı müddətdə həm fiziki, həm psixoloji təzyiqlərə məruz qaldığını söyləyib. Onun sözlərinə görə, konsulluq nümayəndələri belə məhbusların təhlükəsizliyini təmin edə bilməyib.
 
Trampın qəzəbi və diplomatik istehza
 
ABŞ prezidenti Donald Tramp isə bu hadisəyə münasibətində empatiyadan çox qəzəb göstərib. O, Tundberqi "dəli", "qəzəbini idarə edə bilməyən gənc qadın" adlandırıb və onu "sakitliyi pozan" kimi təqdim edib. "Onun ciddi problemləri var. Məncə, həkimə müraciət etməlidir. Belə gənc yaşda bu qədər kinli olmaq… sadəcə ağlasığmazdır", - Tramp Ağ Evdə jurnalistlərin sualına cavab olaraq deyib.
 
İsrailin xarici işlər naziri Gideon Saar da oxşar tonda danışaraq Tundberqin missiyasını "sırf təxribat" adlandırıb. Onların fikrincə, bu "humanitar flotiliya"nın məqsədi yardım yox, siyasi təzyiq olub.
 
İkiüzlülük və itirilmiş mənəviyyat
 
Beləcə, dünya bir daha qəribə mənzərə ilə üz-üzə qalıb: insan haqları və azadlıq şüarlarını dilindən düşürməyən liderlər bir gənc qadının səsini susdurmaq üçün bütün güc aparatını işə salıb. Tundberqin dedikləri nə qədər emosional səslənsə də, bu səs təkcə onun deyil, Qəzzada gündəlik həyatı mühasirə və qorxu içində keçən insanların səsidir.
 
Amma bu səsi eşitmək istəməyənlər, onu "dəli", "təxribatçı", "emosional" kimi damğalamağa üstünlük verir. Trampın və İsrail rəhbərliyinin ritorikası, əslində, humanitar dəyərlərin nə qədər siyasi məqsədlərə qurban verildiyini bir daha göstərir.
 
22 yaşlı bir qadın, əlində silah yox, vicdanı və qəlbi ilə çıxış edir. Qarşısında isə "dünyanın ən böyük demokratiyaları" dayanır - bir tərəfdə Qəzzanı boğan İsrail, digər tərəfdə bu blokadanı "sakitcə" dəstəkləyən Vaşinqton. Tundberqin dediyi kimi: "Bu, mənim hekayəm deyil". Amma bəlkə də məhz onun hekayəsi bizə kim olduğumuzu bir daha göstərir.
Link kopyalandı!
Son xəbərlər