Bizi sosial şəbəkələrdən izləyin:
“Filmlərdə çəkilməyə iddiam yoxdur. Hazırda bir nömrəli film aktyorlarımız Rasim Balayev, Fəxrəddin Manafovdur. Çox istərdim ki, onlardan heç olmasa yaxşı filmlərdə istifadə etsinlər. Onların bir baxışları bəs edir. Amma teatr aktyorları filmdə bunları bir az çətin edirlər. Əlbəttə ki, istərdim məni də filmə çəksinlər. Aktyorlar var ki, ömür boyu dramatik rollarda çəkilmək istəyiblər, amma komik rolda “tutuzdurublar”. Eynən də məndəki kimi. Teatrda çalışdığım illərdə o qədər dramatik və faciəvi rollar oynamışam ki. Amma “Moşu Gəyəzənli” rolu ilə “tutuzdurmuşam”. O vaxt rejissorlar da tam başqa idi. Çalışırdılar ki, aktyorların rolları bir-birinə oxşamasın. Bu zaman aktyor yetişirdi. Mən Moşu roluna qayıtmaq istəmirəm, çünki bunu bir dəfə oynamışam. Daha fərqli rollar arzusundayam”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.
O daha sonra “Bəxt üzüyü” filmində yaratdığı Moşu Göyəzənli obrazının həyatda kim olduğunu açıqlayıb:
“Aktyorların müşahidə qabiliyyətləri güclü olur. Bir nəfərdən nəsə götürmürsən, hərədən bir şey götürürsən. Hər bir rol xarakterdir. Yamaqları yamayırsan bir yerə, olur gözəl paltar. Həmçinin də Moşu Göyəzənli obrazı. Vaqif Səmədoğlu bunu bir adamdan götürməyib. Bəlkə də Yazıçılar Birliyində belə bir şair var. Bağdan köç səhnəsi yəqin ki, yadınızdadır. Başıma şlyapa qoyub gedirəm. Bu səhnədə Vaqif müəllim mənə baxıb güldü. Dedi ki, filan yazıçıya oxşayırsan. Obrazdır da. Həm rejissor, həm müəllif, həm də aktyor yoğurub ortalığa bir şey çıxarır. Moşu komik roldur. İstedadı yoxdur, şeir yazmaq istəyir” deyə aktyor bildirib.