Bizi sosial şəbəkələrdən izləyin:
“Masazırda Rəsul Mehrəliyev 14 küçəsinin problemləri bitib tükənmir. 6 nömrəli məktəb, Yoncalıq deyilən əraziyə ümumiyyətlə baxan yoxdur. Bu ərazidə itlərin əlindən uşaqlar-böyüklər yol keçib harasa gedə bilmirlər. Təsəvvür etməzsiniz ki, burada vəziyyət nə dərəcədə acınacaqlıdır? Problem tək itlər deyil, zibili vaxtlı-vaxtında yığışdırmadıqları üçün bütün küçəyə yayılıb. Yollarımız da bərbad vəziyyətdədir. Bilmirik dərdimizi kimə söyləyək?”
Bunu Moderator.az-a açıqlamasında sözügedən ərazinin sakinləri bildirib. Onlar daha sonra əlavə ediblər:
“Bir neçə dəfə şikayət etmişik, telekanaldan çəkiliş gəlib. Həmin günü gəlib yığışdırıblar. Sonra yenə də köhnə hamam, köhnə tas olub. Abşeron Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə dəfələrlə müraciət etmişik, baxan yoxdur. İtlər, zibillik və pis gündə yollar. Yay ayında bura daha betər olur. Üfunət iyindən buradan yaxın keçə bilməzsən. Zibil qabları da dəyişdirilməlidir. Müasir dövrdə yaşayırıq, ucqar kənddə belə bu vəziyyətdə zibil qabları yoxdur. Zibil qablarının özünün zibil qabına ehtiyacı var. Məktəbin qarşısı da pis vəziyyətdədir. Bu da zibil qablarının yoxluğundandır. Zibilliyə də itlərin qorxusundan yaxınlaşa bilmirsən. Hətta o gün evinə ət alıb aparan sakinin əlindən itlər əti qapıb qaçıb. Masazırın Yoncalıq ərazisi hansısa filmin real ssenarisi ola bilər” deyə sakin bildirib.
Sözügedən ərazinin problemləri bunlarla da bitmir:
“Biz tərəfə cəmi bir avtobus gəlir. Səhər tezdən işə gedənlər minə bilmir. Mümkün deyil. Elə vaxt olur ki, 4 avtobus yola salmışıq ki, bəlkə növbəti boş olar? Bu qədər camaata cəmi bir xətt düşünüblər. O da avtovağzala qədər gedir. İşıqlar tez-tez sönür. Suyu hər gün vermirlər. Yoncalıq ərazisini hamı yaddan çıxarıb. Aidiyyatı qurumların heç yadına da düşmür ki, Masazırda belə bir ərazi var ya yox? Qazı da ən azı həftədə bir dəfə kəsirlər ki, təmir gedir. İşıq xətləri köhnədir, bayram günü belə işıqsız qalırıq. Xahiş edirik bizim bu problemlərimizi işıqlandırasız” deyə Masazır sakinləri bildirib.