330
14:10, Bu gün

"Avropada dron təlaşı: təhlükə, yoxsa Moskvanın oyunları?" - "Deutsche Welle"

 
"Bu, Rusiyanın Avropaya qarşı hibrid müharibəsinin yeni mərhələsidir..."  
 
Son həftələr Avropanın müxtəlif ölkələrində naməlum dron və hətta hava şarları ilə bağlı insidentlər artıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Almaniyanın Münhen və Frankfurt hava limanlarının işi dayanıb, Polşa və Litvada hava məkanının pozulması xəbərləri yayılıb, Skandinaviya ölkələrində isə hərbi obyektlər üzərində uçuşlar qeydə alınıb. Bu hadisələr NATO daxilində artan gərginliyin fonunda "Rusiyanın gizli təxribatı" ehtimallarını gücləndirir.
 
Gizli platformalar və şübhəli gəmilər
 
"The Times" nəşri yazır ki, Baltik dənizində saxlanılan "Pushpa" və ya "Boracay" adları ilə tanınan tanker daha əvvəl Danimarka hərbi bazaları yaxınlığında müşahidə olunub. İndi isə ehtimal edilir ki, bu gəmi dronların buraxılışı üçün üzən platforma rolunu oynayıb. Məqalədə vurğulanır ki, bu, daha böyük zəncirin yalnız bir halqasıdır və Avropa üzərində görünən təsadüfi dron uçuşlarının arxasında planlı fəaliyyət dayanır.
 
Münhendə və Frankfurt hava limanlarında xaos
 
2 və 3 oktyabr tarixlərində Almaniyanın ikinci ən iri hava limanı olan Münhen hava limanında uçuşlar naməlum dronlar səbəbindən dayandırılıb. Nəticədə təxminən 9500 sərnişinin planı pozulub, yüzlərlə insan gecəni terminallarda keçirməyə məcbur olub. Sonradan məlum olub ki, havada müşahidə edilən qurğular hərbi tipli kəşfiyyat dronlarıdır.
 
Frankfurtda isə 41 yaşlı bir şəxs hava limanı üzərində dron uçurduğuna görə saxlanılıb. Dron tezliklə məcburi endirilib və hadisə ciddi fəsad yaratmayıb. Amma insident göstərib ki, Almaniya öz hava məkanını qorumaqda ciddi çətinliklə üzləşir.
 
Rusiya amili və "Putinin tələsi"
Almaniya müdafiə naziri Boris Pistorius bildirib ki, indiyə qədər Almaniya səmasında görünən dronlar birbaşa təhlükə yaratmasa da, məsələni sakit və təmkinlə dəyərləndirmək vacibdir. Onun sözlərinə görə, Moskva bu cür uçuşlarla Avropada təlaş yaratmaq, mübahisələri qızışdırmaq və siyasi sabitliyi sarsıtmaq niyyətindədir: "Biz Putinin qurduğu eskalasiya tələsinə düşməməliyik. Bu, təxribatdır və məqsəd qorxu yaymaqdır".
 
Ekspertlər isə hesab edir ki, Rusiya və Çin artıq Qərbin təhlükəsizlik sistemlərindəki boşluqlardan istifadə üçün yeni üsullar hazırlayıb. Bəzən belə əməliyyatlar birbaşa dövlət tərəfindən deyil, kriminal qruplar vasitəsilə həyata keçirilir ki, məsuliyyəti inkar etmək mümkün olsun.
 
NATO üçün yeni çağırış
 
Dron texnologiyalarının ucuzlaşması ilə onların istifadəsi sürətlə artır. ABŞ-ın "Dedrone" şirkəti yalnız bu il dünyada bir milyondan çox hava məkanı pozuntusu qeydə alıb. Ənənəvi "həvəskar dronlar" hələ ki, əsas problem olsa da, özəlliklə son aylarda izlənməsi çətin olan özəlləşdirilmiş və "ev istehsalı" dronların istifadəsi 430 faiz artıb.
 
Bütün bu insidentlər NATO daxilində narahatlıq yaradır. Şimali Avropa ölkələri - İsveç, Norveç və Danimarka dəfələrlə hərbi obyektlər üzərində naməlum uçuşlarla üzləşib. Polşa və Litvada isə Rusiyaya aid edilən dronların hava məkanını pozması fonunda fövqəladə vəziyyət elan olunub.
 
Avropanın səmalarında görünən hər dron ya sadə həvəskarın oyuncağı, ya da Moskvanın hibrid müharibəsinin aləti ola bilər. Amma bir həqiqət aydındır: bu hadisələr Qərbdə narahatlığı artırır və NATO ölkələrini həm texnoloji, həm də siyasi baxımdan daha güclü koordinasiyaya məcbur edir. Avropa artıq qarşısında yeni təhlükə görür, bu da görünməz, amma sərhədləri rahatca keçə bilən pilotsuz təhdiddir.
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər