Bizi sosial şəbəkələrdən izləyin:
“Əlisəttar Atakişiyevin övladının tapılması xəbərini Atv-dən eşitdim. Mən bunu bilirdim. O nə qızı, nə də oğluyla birlikdə heç vaxt yaşamayıb. Qızının olduğunu bəlkə də çoxu bilmir, amma mən bilirəm. 1966-cı ildə “İstintaq davam edir” filmini Mingəçevirə nümayişə aparırdıq. Yolda dayanıb çörək yedik. Sonra gəldik Mingəçevirdə görüş oldu. Mağazaları gəzdik. Əlisəttar müəllim mağazada qız uşağı paltosuna baxırdı. Soruşdum ki, kimin üçün alırsız? Dedi ki, öz qızım üçün. Amma həmin paltonu simiclik edib almadı. Əlisəttar müəllim bir dəfə də qızının adını çəkməyib. O heç oğlunun da adını çəkməyib. Aralarında mehribanlıq olmayıb. Oğlan Moskvada yaşayırdı, özü isə burada”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə deyib.
O daha sonra əlavə edib:
“Əlisəttar Atakişiyev rəhmətə gedəndə Moskvada oğlu öz evində ona yas mərasimi vermişdi. Buradan da nə qədər adam getmişdi. Mən də o vaxt məsələ qaldırmışdım ki, gəlin Əlisəttarın cənazəsini Bakıya gətirək. Orada kim idi ona baxan? Oğlu icazə vermədi. Oğlu atasını Moskvada dəfn edib, sonra Kanadaya getdi. Bununla da bitdi. O ailəsindən çox erkən ayrılmışdı. O vaxt uşağı çox körpə idi. Əlisəttar müəllimin şəxsi həyatı uğursuz olub. Onu da deyim ki, Stanislavskinin qardaşı qızını almışdı. Bildiyimə görə Əlisəttar müəllim iki dəfə ailə həyatı qurub. Mənə elə gəlir ki, o qız evləndiyi xanımın öz qızıdır. Çünki uşağa qarşı bir məhəbbət, sevgi olmayıb ki, durub bizə şəklini göstərsin, ondan danışsın”Ş - deyə kinoşünas bildirib.

“Mən kino sahəsində 1963-cü ildə gəlmişəm. Əlisəttar müəllim mənə ata münasibəti göstərib. Fantaziyalar, nağıllar aləmi onun əsas mövzusu idi. Hətta ssenari müəllifi olduğu filmləri sonradan çəkmməyə icazə vermirdilər. Min bir bəhanə gətirirdilər. Deyirdilər ki, kinostudiyanın bazası bu filmi ərsəyə gətirməyə yetmir. Hər filmi ilə kino sahəsində yenilik gətirirdi. Bəzi filmlərini Moskvada qəbul etmirdilər. Bütün bu sifarişlər də Bakıdan gedirdi. Çünki bəzi insanlarla əlaqələri o qədər də ürəkaçan deyildi. Vaxt elə gəldi ki, Əlisəttarı işsiz qoydular. Mən də o vaxt Məlumat Reklam Bürosunun rəhbəri işləyirdim. Bir gün Əlisəttar müəllim mənə zəng edib dedi ki, “işsizəm, mənə ayrı film də vermirlər işləməyə, icazə ver öz filmimin afişalarını özüm hazırlayım, qonorarı da özüm alım”. Mən də böyük mənuniyyətlə razılaşdım. Həmin afişa bu dəqiqə Dövlət Film Fondunda qorunub saxlanılır”, - deyə kinoşünas bildirib.