324
13:40, Bu gün

"Ukrayna və Rusiya arasında rekord dron hücumları: genişmiqyaslı zərbələr və nəticələr" - Ukrayna KİV-ləri

 
6 oktyabr gecəsi həm Ukrayna, həm də Rusiya bir-birinə qarşı ən kütləvi dron hücumlarından birini həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, hər iki tərəfin zərbələri nəticəsində enerji böhranı, sənaye obyektlərində yanğınlar və mülki əhali arasında xəsarətlər qeydə alınıb.
 
Rusiya şəhərləri hədəfdə
 
Ukrayna qüvvələri gecə boyu Rusiyanın bir neçə regionunu və ilhaq edilmiş Krımı dronlarla vurub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə vasitələri ümumilikdə 251 pilotsuz aparatı məhv edib. Ən çox hücum Qara dəniz akvatoriyası, Krım, eləcə də Kursk, Belqorod və Nijni Novqorod vilayətləri istiqamətində qeydə alınıb.
 
Belqorod vilayəti ən ağır zərbələrdən birini alıb, 40 minə yaxın sakin işıqsız qalıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov elektrik infrastrukturuna ciddi ziyan dəydiyini, bir neçə nəfərin, o cümlədən iki uşağın xəsarət aldığını açıqlayıb. Eyni zamanda Bryansk vilayətinin Klinets şəhərində istilik-elektrik stansiyasında yanğın baş verib, bu da həm işıq, həm də istilik təchizatında problemlər yaradıb.
 
Nijni Novqorod vilayətində yerləşən Dzerjinsk şəhəri də hücumların hədəfinə çevrilib. Yerli sakinlər partlayışların əsasən partlayıcı maddələr zavodunun yaxınlığında baş verdiyini bildirir. Krımda isə Feodosiya şəhərində yerləşən ən böyük neft bazasında güclü yanğın başlayıb. Ukrayna mənbələri həmçinin hərbi radar sistemlərinin də zədələndiyini iddia edir.
 
Ukrayna şəhərlərinə kütləvi hücum
 
Eyni gecə Rusiya ordusu Ukraynanın müxtəlif istiqamətlərinə 116 zərbə dronu göndərib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, onların 83-ü vurulsa da, 30 "Shahed" hədəfə dəyib. Xarkov şəhəri ən çox zərər görən məkanlardan biri olub,  şəhər meri İqor Terexovun sözlərinə görə, gecə ərzində azı 15 zərbə qeydə alınıb, nəticədə dörd nəfər yaralanıb və bir neçə rayonda yanğınlar başlayıb.
 
Odessa vilayətində mülki sənaye müəssisəsi vurularaq alova bürünüb. Kiyev vilayətində isə pilotsuz aparatların biri istifadəsiz zavodun ərazisinə düşərək yanğın törədib. Burada bir neçə yük avtomobili məhv edilib, lakin mülki əhali arasında itkilər olmayıb.
 
Müharibənin yeni mərhələsi
 
6 oktyabr gecəsi həm Rusiyada, həm də Ukraynada ardıcıl partlayışların, yanğınların və kütləvi elektrik kəsintilərinin müşahidə edildiyi ən gərgin anlardan biri kimi yadda qalıb. Hər iki tərəf yüzlərlə dron göndərib, yüzlərlə də məhv edilib. 
 
Bununla belə, zərbələrin nəticələri - enerji infrastrukturlarının sıradan çıxması, sənaye obyektlərində yanğınlar və mülki əhalinin zərər çəkməsi müharibənin daha dağıdıcı və təhlükəli bir mərhələyə keçdiyini göstərir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər