Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edirik:
- Ziyad müəllim, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar açılıb. Bunun üçün əsas istiqamətlər nədən ibarətdir?
- ABŞ-də avqustun 8-də əldə edilən razılaşmalar (ABŞ, Azərbaycan və Ermənistan) Azərbaycanla yanaşı, Cənubi Qafqazda sülhün təminatı üçün vacib addım idi. Beynəlxalq ictimaiyyət də gördü ki, heç bir dövlətin və ya təşkilatın həll edə bilmədiyi məsələlər artıq öz həllini tapıb. Vaşinqtonda əldə edilən nəticələr bunun bariz nümunəsidir. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmasa da, bu istiqamətdə mühüm addım atıldı. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi ilə bölgə ilə yanaşı, ümumiyyətlə qlobal mənada daimi sülh bərqərar olur. Vaşinqtonun moderatorluğu ilə əldə edilən razılaşmalar da bunu təsdiq edir. Bu eyni zamanda ABŞ-nin Cənubi Qafqazda Azərbaycanın liderliyinə verdiyi mühüm önəmdir.
- Zəngəzur dəhlizinin (Tramp marşrutunun) açılması bölgədə sülh fonunda əməkdaşlıq üçün hansı imkanlar yarada bilər?
- Zəngəzurdan keçəcək Tramp marşrutu (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycanla yanaşı,
Ermənistan üçün də vacib inkişaf amilidir. Artıq bu istiqamətdə ölkəmiz tərəfindən mühüm işlər görülüb ki, bunun nəticələri gələcəkdə özünü daha çox biruzə verəcək. Sözsüz ki, Azərbaycanı istəməyən ermənipərəst qüvvələr Ermənistana sülh və digər məsələləri yubatmaqla bağlı təzyiq edirlər. Amma onlar bununla Ermənistan rəhbərliyini heç də düzgün olmayan bir yola sürükləyə bilərlər. Görünən isə odur ki, bu təhdidlər baş tutmayacaq. Zəngəzur dəhlizi Azərbaycanı Avropanı, Asiyanı birləşdirəcək. Ermənistan müəyyən qüvvələrin təsirindən çıxa bilsə, yeni yaranacaq imkanlardan o da faydalanacaq.
- Qlobal miqyasda Azərbaycanın təqdim etdiyi sülh və əməkdaşlıq təşəbbüslərinə münasibət necədir?
- Azərbaycan qalib dövlətdir. Əldə edilən nəticələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu gün Avropada, Amerikada, Asiyada Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bəyənilir. Azərbaycan Prezidenti hazırda dünyada böyük nüfuza malik lider kimi qəbul edilir. Çin, ABŞ və Avropa dövlətləri artıq yeni reallığa uyğunlaşır. Vaxtilə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən bir çox Avropa dövlətləri bu gün Prezident İlham Əliyevlə dialoqa can atır, onunla görüşə böyük maraq göstərir. Ona görə də, bu gün Zəngəzur dəhlizinə qarşı çıxanlar gec-tez onun yaratdığı reallığı qəbul edəcək. Bir vaxtlar Nikol Paşinyan da sülhdən qaçmağa çalışırdı, indi isə o, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamaq niyyətini nümayiş etdirir.