Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) layiqli əmək səfirləri ilə görüş keçirilib. Qeyd edək ki, AHİK ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu "Layiqli əmək səfirləri" layihəsini həyata keçirir.
Moderator.az xəbər verir ki, layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.
Görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən bəhs edilib.
Həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.
Vurğulanıb ki, AHİK-in səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək göstərirlər. Belə ki, sosial məsuliyyətin gücləndirilməsində və sağlam əmək münasibətlərinin formalaşmasında layihənin rolu önəmlidir.
Tədbirdə layiqli əmək səfirləri AHİK tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, konfederasiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər.
Görüşdə AHİK-in fəaliyyətindən və "Layiqli əmək səfirləri" layihəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Layiqli əmək səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.