“Deyə bilmərəm ki, Əhliman müəllimin vəziyyəti stabil olaraq yaxşıdır yaxud da pis. Gah yaxşı olur, gah da pis olur. Bəzən görürsən ki, sözü bir dəfə deyirsən başa düşür, bir də görürsən 10 dəfədən sonra anlayır. Bir də görürsən ailəlikcə söhbət edirik, biz elə düşünürük ki, o heç nəyi başa düşmür. Səhəri gün hər şeyi bizə danışır. Xəstəliyi çox qəribə irəliləyir. Bilirsiniz ki, həm insult keçirib, həm də açıq ürək əməliyyatı olub. Nitqində problemlər, ləngimələr var. Həkimlər deyir ki, müalicəsi yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.
O daha sonra əlavə edib:
“Mən hər kəsdən çox razıyam. Həqiqətən də onlar Əhliman müəllimi yaddan çıxarmırlar. Xüsusilə də Mədəniyyət və İncəsənət Universitetinin aşıq yaradıcılığı kafedrasının əməkdaşları. Ələxsus da aşıq Samirə xanım. Samirə xanım hər zaman Əhliman müəllimə diqqət göstərir. Muğam Mərkəzində onun yubiley gecəsini təşkil etmişdi. Bir də görürsən kafedra əməkdaşları yığışanda bizi də dəvət edirlər. O hər zaman Əhliman müəllimi sevindirir. Bilirsiniz ki, aşıq yaradıcılığı kafedrasının rəhbəri Əhliman müəllim idi. Səhhəti ilə əlaqədar hazırda ora Samirə xanım rəhbərlik edir. Samirə xanım məclislərdən birində Əhliman müəllimin boğazına sarılıb, ondan halallıq istədi. Əhliman müəllim onsuz da özündən sonra orada Samirə xanımı görmək istəyirdi”, - deyə o bildirib.
Aybəniz xanım bildirib ki, sənətkar yaradıcılığla məşğul ola bilmir:
“Sazı sonuncu dəfə əlinə nə vaxt götürdüyü yadımda deyil. Bəzən əhvalı yaxşı olanda ifa edir. Bəzən də aşıq havalarını zümzümə edir. Ona zəng edən, məlumat almaq istəyən aşıq dostlarına məsləhətlərini verir. Bəzən televiziya verilişlərində aşıq ifalarını izləyir, əksəriyyətinin səhvini də tutur. Yaddaşı güclü olmasa da, sənətlə bağlı çox şey yadında qalıb”.
Aybəniz Salmanova Aşıq Əhlimanın müəllifi olduğu və müğənni Röya Ayxanın yeni nəfəs gətirdiyi “Yaz ayları” mahnısından da danışıb. O bildirib ki, müğənni Röya Ayxan qızlarının toyunda iştirak edib:
“Sözün düzü Röya xanımı həm Əhliman müəllimə, həm də övladıma mən sürpriz etmişdim. Onlar Röya xanım zala daxil olanda bildilər və sevindilər. Mən ondan xahiş edib demişdim ki, vaxtınız olsa gələrsiniz. O toya gəlişi ilə bizi çox sevindirdi. Bir dəfə də Röya xanımdan soruşdular ki, “siz onun “Yaz ayları” mahnısını oxuyursunuz, özündən icazə almısınız?”. Röya xanım dedi ki, "Əhliman müəllim biz gəncləri o qədər sevir ki.. Mən ehtiyac bilmədim ki, ondan xüsusi icazə alım. Elə bilirəm ki, o mənim atamdır”. Bu sözdən çox xoşum gəldi. Həqiqətən də Röya xanım mənim ürəyimcə olan cavab verdi”, - deyə Aybəniz Salmanova bildirib.