Bizi sosial şəbəkələrdən izləyin:
“Çox qəribədir. Bir çox diktorlar dünyasını dəyişib. Elə bil ki, istilik gedib, şorməzə bir şey qalıb. Efirlərə baxanda ancaq əsəbləşirəm. Mehribanlıq başqa şeydir. Gərək tamaşaçıya ruh verəsən. Dəvət etdikləri qonağa elə qəribə suallar verirlər ki.. Onların yerinə mən utanıram”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ofeliya Sənani deyib.
O daha sonra əfsanəvi diktor Roza Tağıyevanın efirlərə çıxmamasına aydınlıq gətirib:
“Roza, Şərqiyyə mən və Solmaz ayrılmaz dostlarıq. Ötən ilə qədər ayda bir dəfə görüşürdük. Sonuncu dəfə may ayında yığışmışdıq. Görüş yerimiz də İçərişəhərdir. Amma bu il hələ ki, görüşməmişik. Roza zəng edir, deyirəm ki, “halım yoxdur, məni bağışla”. O da həvəsdən düşüb də, istəmir. Mən, Şərqiyyə heç olmasa ildə 1-2 dəfə verilişlərə çıxırıq. Roza səhhətinə görə çıxmır. Deyir ki, “indiyə qədər çıxmışam bəsdir”. Həm də onun sifəti tez qırışlandı, bu onda bir az kompleks yaratdı. Qadındır da, tamaşaçılar onu hər zaman cavan, gözəl görüblər. İstəyir elə görünsün. Onu da başa düşmək olar”, - deyə sənətkar bildirib.