135
03 Oct 2025 | 23:47

"Niyə qadınlar kişilərdən daha çox yaşayır?" - Elmi tədqiqat

"Xromosomlardan sosial amillərədək - cavab hələ də tam deyil..."
 
Dünyada orta hesabla qadınların ömrü 74, kişilərin isə 68 ildir. Niyə bu qədər fərq var? Elm adamları illərdir bu suala cavab axtarır. Sonuncu və indiyədək ən genişmiqyaslı araşdırma müxtəlif növ məməlilər və quşlar üzərində aparılan analizlər, müəyyən ipucları versə də, tam aydınlıq gətirməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.
 
Genetika və xromosomların rolu
 
Məlumdur ki, məməlilərdə qadınların iki eyni X-xromosomu var, kişilərdə isə X və Y. Bu o deməkdir ki, qadınlar genetik olaraq potensial zərərli mutasiyalara qarşı daha yaxşı qorunur. Quşlarda isə əksinədir: dişilər Z və W xromosomlarına sahibdir, erkəklərdə isə iki Z var. Məhz buna görə məməlilərdə qadınların, quşlarda isə kişilərin daha çox yaşaması müşahidə olunur.
 
Tədqiqatçılar 1176 növ - 528 məməli və 648 quşun ömrünü təhlil ediblər. Nəticə göstərib ki, məməlilərin 72 faizində dişilər erkəklərdən orta hesabla 12-13 faiz çox yaşayır, amma quşların 68 faizində vəziyyət əksinədir: erkəklər dişilərdən təxminən 5 faiz uzunömürlüdür.
 
Rəqabət və həyatın qiyməti
 
Əsas səbəblərdən biri cinsi rəqabətdir. Babun, gorilla və şimpanze kimi poliqam məməlilərdə erkəklər partnyor qazanmaq uğrunda amansız mübarizə aparır. Güclü bədən quruluşu, iri buynuzlar və ya rəngli tüklər - bunların hamısı erkəyin seçilməsinə yardım edir, amma sağlamlıq və uzunömürlülük baxımından baha başa gəlir. Eyni səbəb quşlarda da müşahidə olunur, lakin genetik amillərlə cinsi seçimin təsiri bir-birini qismən tarazlayır.
 
Nəsil artırma və övlad qayğısı
 
Həyatın daha uzun olması çox vaxt övlad yetişdirmə məsuliyyəti ilə bağlıdır. Məməlilərdə adətən bu rolu dişilər daşıyır. Uzunömürlülük onlara övladlarını müstəqil həyata hazırlamağa imkan verir. İnsanlarda da eyni prinsip işləyir: ana daha uzun yaşamalıdır ki, ailənin davamı təmin olunsun. Amma yenə də istisnalar var, məsələn, yırtıcı quşlarda dişilər həm daha iri, həm də daha döyüşkən olsalar da, uzunömürlülükdə üstünlük yenə onlardadır.
 
Mühit və sosial amillər
 
Elm adamları vurğulayır ki, zooparklarda ömür fərqləri daha azdır. Çünki burada vəhşi təbiətdəki risklər - rəqiblərlə döyüşlər, yırtıcı hücumları və xəstəliklər yoxdur. İnsan cəmiyyətində də oxşar təsir özünü göstərir: tibbi inkişaf, sosial təminatlar və təhlükəsiz mühit kişilərlə qadınlar arasında ömür fərqini azaltsa da, tam aradan qaldırmır.
 
Buna baxmayaraq, kişilərin daha riskli davranışlara meylli olması - qəzalara düşməsi, münaqişələrə qarışması və ya zərərli vərdişlərə aludə olması fərqi dərinləşdirir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, kişilər arasında siqaret, spirtli içki və ürək-damar xəstəlikləri qadınlardan əhəmiyyətli dərəcədə çoxdur.
 
Son araşdırmalar göstərir ki, qadınların kişilərdən uzun yaşamasının səbəbi yalnız bioloji deyil. Genetik kod, xromosom quruluşu, sosial davranışlar, həyat tərzi və hətta mədəniyyətlərdə qadın və kişilərə verilən rollar burada mühüm rol oynayır. Elm hələ tam cavab tapa bilməyib, amma bir həqiqət dəyişməz qalır: qadınların ömrü ən azı hələlik kişilərdən əhəmiyyətli dərəcədə uzundur.
Link kopyalandı!
Son xəbərlər