272
14:56, Bu gün

"Paşinyan Qarabağ erməniləri məsələsindən buna görə imtina etdi" - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Elxan bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı məsələyə bir qədər həssas yanaşması nə ilə bağlıdır? AŞPA-da ona bu mövzu ilə bağlı ünvanlanan suala birmənalı cavab verməkdən imtina etdi...
 
- Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. O bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və bu ölkənin vətəndaşlığı ilə bağlıdır. Paşinyanın bu yanaşması böyük ehtimalla AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub. Çünki, həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla bir qrup ermənipərəst konqresmen Dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını gerçəkləşməsini tələb edirlər. Bu tələblər səslənərkən Paşinyan qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki, Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu sülh danışıqlarını, Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək. Bu Paşinyana lazım deyil. Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: “Ermənistan və Azərbaycan sadəcə olaraq, bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər”.
 
 
- Bir çoxları isə bu məsələdə Ermənistan hakimiyyətinin ehtiyatlı davranışına diqqəti çəkir. Yəni, Qərbi azərbaycanlılar faktoruna görə belə mövqedən çıxış etdiklərinə dair fikirlər səslənir…
 
- Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də məhz bununla bağlıdır. Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni, onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar. Sözsüz ki, Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki, onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar.
 
 
- Zəngəzur dəhlizi və ya Tramp marşrutunun açılması prosesi hansı səviyyədədir? Çünki Paşinyan dəhlizə dair Zəngəzur ifadəsindən mümkün qədər yayınmağa çalışır…
 
- Avqustun 8-də Vaşiqntonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh və regional kommunikasiya xəttlərinə dair bəyanat qəbul edildi. Bununla da Zəngəzurdan keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan bir ifadədən istifadə edilməyə başlanıldı. Ona görə də burada dəhlizin Zəngəzur və ya Tramp marşrutu adlanmasında heç bir problem yoxdur. Paşinyanın isə ancaq Tramp marşrutu işlətməsi öz işidir. Azərbaycan tərəfi isə hər iki addan istifadə edə bilər. Bunu bizə kimsə qadağa qoya bilməz. Maraqlısı odur ki, Paşinyan BMT-dəki çıxışında Tramp dəhlizi adından istifadənin məqbul olduğunu deyib. Amma o, Ermənistan parlamentində çıxış edərkən isə bildirdi ki, Azərbaycanda Zəngəzur adı populyardır. Ona görə də bu addan istifadə edirlər. Sadəcə olaraq, Paşinyan Zəngəzur dəhlizi terminologiyasının tək Azərvbaycanda deyil, beynəlxalq miqyasda da aktuallaşmasından narahatdır. Amma bütün hallarda bu tərəflər arasında gərginlik yaradacaq məsələ deyil. Vaxtilə biz beynəlxalq tədbirlərdə Xankəndi ifadəsini işlədəndə ermənilər də bundan narahat olurdu. Yekunda isə Xankəndi ifadəsini hamı qəbul edəsi oldu.
 
 
- Faktiki olaraq, bu gün Azərbaycan və Ermənistan yekun sülhün astanasındadır. Bu mənada 2026-cı il həlledici bir təqvim kimi tarixə düşər bilər. Bununla bağlı əsas gözləntilər nədən ibarətdir?
 
- Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı Paşinyanın mövqeyi aydındır. O deyir ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərində qələbə çalacağı halda yeni konstitusiyanın qəbuluna nail olacaq. Hətta ona da işarə edir ki, yeni konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasını ehtiva edən müddəalar yer almayacaq. Bunun üçün isə, Paşinyan ilk növbədə parlament seçkilərində qələbə qazanmalıdır. Hazırda onun reytinqi aşağı düşüb. Ona rəqib olanların da reytinqi yüksək deyil. Bu mənada gələn il bölgə üçün taleyüklü illərdən biri ola bilər. Yəni, Paşinyan seçkilərdə qələbə qazanıb, yeni konstitusiyanın qəbuluna nail olmaqla Azərbaycanla sülh müqaviləsini imzalaması mümkündür. Bununla da, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normalaşdıracaq, sərhədlər açılacaq, ticarət həyata keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər