237
12:07, Bu gün

"Rusiyanın dron hücumları: Odessadan Çernobıla qədər enerji infrastrukturu hədəfdə" - Ukrayna KİV-ləri

 
"Bu zərbələr Kremlin müharibə taktikasının - enerji terrorunun bir daha üzə çıxdığını göstərir..."
 
Oktyabrın 1-dən 2-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir neçə regionunu kütləvi dron hücumlarına məruz qoyub. Əsas zərbələr Odessaya, Çerniqov və Kiyev vilayətlərinə endirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Kritik obyektlərə ardıcıl zərbələr
Məlumarda deyilir ki,  Odessada dəmir yolu deposuna zərbə nəticəsində güclü yanğın baş verib, bir maşinist qəlpə yarası alıb. Şəhərin müxtəlif rayonlarında partlayışlar eşidilib, yaşayış evlərinin damı və pəncərələri zədələnib.
 
Fövqəladə hallar xidməti 50-dən çox xilasedici və xüsusi texnika ilə yanğını söndürməyə cəlb olunub. Daha əvvəl, sentyabrın 27-də də Odessada dəmir yolu infrastrukturuna dron hücumu olub, nəticədə qatarların hərəkətində ciddi gecikmələr qeydə alınıb.
 
Slavutıç və Çerniqov işıqsız qalıb
 
Rusiya hücumlarının digər hədəfi Kiyev vilayətində yerləşən Slavutıç şəhəri olub. Buradakı yüksək gərginlikli elektrik yarımstansiyası zədələnib, şəhər tamamilə enerjisiz qalıb. Məlumatı şəhər meri Yuriy Fomiçev təsdiqləyib.
 
Onun sözlərinə görə, hazırda şəhərdə su yalnız müəyyən saatlarda verilir, rabitə sistemləri üçün isə ehtiyat mənbələr işə salınıb. Slavutıç Şəhər Şurası əhaliyə "məğlubedilməzlik məntəqələri"nin təşkil olunduğunu bildirib. Çerniqov vilayətinin bir sıra icmaları da bu zərbədən sonra işıqsız qalıb.
 
Çernobıl AES-də fövqəladə vəziyyət
Slavutıçdakı enerji obyektinə hücum nəticəsində Çernobıl Atom Elektrik Stansiyası da elektrik təchizatından məhrum olub. Bu, xüsusən də 4-cü blok üzərində yerləşən və radioaktiv sızmanın qarşısını alan "Yeni təhlükəsizlik sarkofağı" üçün kritik anlar yaradıb.
 
Ukraynanın Energetika Nazirliyi vəziyyəti fövqəladə hal kimi qiymətləndirib və elektrik təminatının bərpası üçün təcili tədbirlər görülüb. Prezident Vladimir Zelenski sonradan bildirib ki, Çernobılda "blekaut" üç saatdan çox davam edib.
 
Nazir Svetlana Qrinçukun sözlərinə görə, artıq enerji təchizatı tam bərpa olunub, radiasiya səviyyəsi normaldır və əhali üçün təhlükə yoxdur. Bununla belə, Ukrayna tərəfi belə zərbələrin yalnız ölkəyə deyil, bütün Avropaya təhlükə yaratdığını vurğulayıb. 
 
Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiyanın enerji infrastrukturuna hücumlarını "Avropa təhlükəsizliyi üçün təhdid" adlandıraraq, cavabsız qalmayacağını açıqlayıb.
 
Odessadan Slavutıç və Çernobıla qədər uzanan hücumlar göstərir ki, Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunu sistemli şəkildə hədəfə alır. Doğrudur, Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmən dronlarının böyük əksəriyyətini məhv edir.
 
Amma hətta az sayda pilotsuz aparat belə milyonlarla insanın gündəlik həyatını iflic edir və qlobal miqyasda ekoloji təhlükə riskini artırır. Bu zərbələr həm də Kremlin müharibə taktikasının - enerji terrorunun bir daha üzə çıxdığını göstərir.
Link kopyalandı!
Son xəbərlər