385
15:28, Bu gün

"Paşinyan Kremldən prosesləri ləngitmək üçün tapşırıq alıb" - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadan sonra ABŞ-yə səfəri çərçivəsində BMT-nin Baş Assambleyasındakı çıxışında səsləndirdiyi fikirlər daha çox diqqəti cəlb edir. Onun çıxışındakı əsas nüanslar nədən ibarət idi?
 
- Faktiki olaraq Paşinyan müxtəlif bəhanələrlə sülh və buna aid məsələlərin həllini uzatmağa çalışır. Ötən gün onun Ermənistan konstitusiyasındakı dəyişikliklərlə bağlı mövqeyindən də müəyyən korrektələr etdiyi nümayiş olundu. Bu da onu göstərir ki, Paşinyan Kremldən prosesləri ləngitmək üçün əmr alıb. Məqsədi də odur ki, bu məsələdə Azərbaycanı mümkün qədər günahkar kimi qələmə versin. Bu da onların köhnə “taktikası”dır və heç də birinci dəfə baş verən bir hal deyil.
 
 
- Sizcə, Paşinyan Zəngəzur dəhlizi ritorikasına qarşı çıxmaqla nə deməyə çalışır?
 
- Burada danışıqlar Ermənistanla ABŞ arasında baş verməlidir. Azərbaycan bu məsələlərdə iştirak etməsə də ölkəmizin veto hüququ var. Əgər Zəngəzurdan keçən dəhlizdə maneəsiz keçid və təhlükəsizlik təminatı olsa ölkəmiz bu layihəyə qoşulacaq. Bu olmasa, Azərbaycan Zəngəzur layihəsində iştirak etməyəcək. Azərbaycanla ABŞ arasında da bu mövzuya dair daimi olaraq təmaslar mövcuddur. İndiki halda Paşinyanın Zəngəzur dəhlizinə dair məsələni şərh etməsi və digər mövzuları gündəmə gətirməsi ona sırf Moskvada verilən təlimatlara uyğun addımların atılması halı ilə bağlıdır.
 
- Dəhliz və ya marşrut anlayışı arasında paralellik aparmaqda məqsəd nədir?
 
- Buna dair izahatlar çox ola bilər, bu da istisna edilmir. Amma Paşinyanın Moskva səfərindən dərhal sonra ritorikasının dəyişməsi bu məsələdə sifarişçinin kim olduğunu göstərir. Çünki gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan özü üçün təminatı çoxdan alıb. Sözsüz ki, ona qarşı yalançı rəqabət təşkil edən qüvvələr heç bir uğur qazana bilməzlər. Sadəcə olaraq Rusiya Ermənistandakı köhnə oyunçularını ortaya atmaqla belə təəssürat yaratmağa çalışır. Sanki orada Paşinyandan başqa heç kəs yoxdur.
 
 
- Paşinyanın Rusiyaya qarşı olan açıq mesajları fonunda bu hal nə dərəcədə inandırıcıdır?
 
- Əslində Paşinyan indiki halda Kremli qane edir. Ermənistanın Baş nazirinin Moskvada Qlobal Atom Forumunda ön cərgədə Şimali Koreya və Zimbabve prezidenti ilə yanaşı oturması onu göstərir ki, o, "Moskvanın cibində" olan siyasətçidir. Onun ritorikası isə köhnəlmiş maskalanma taktikasıdır. Çünki ortada bir ritorika olsa da real addımlar, nəticələr yoxdur. Faktiki olaraq bu gün Rusiyanın Ermənistandakı hərbi varlığı azalmayıb. Zəngəzur dəhlizində, yəni İranla Ermənistan sərhədində 1992-ci ildən rus sərhədçiləri dayanır. Belə olan halda hər hansı bir irəliləyişdən danışmaq yersizdir.
Link kopyalandı!
Son xəbərlər