"Mülki infrastruktura zərbələr nəticəsində onlarla yaralı və dağıntılar var..."
Oktyabrın 1-nə keçən gecə Rusiya ordusu Xarkovu kütləvi aviazərbələr və dronlarla vurub.
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri məlumat yayıb.
Xarkovda gecə dəhşəti
Məlumatda deyilir ki, şəhərin Xolodnoqorsk, Kiyev və Saltov rayonlarında partlayışlar nəticəsində yaşayış evləri, qarajlar və bazar yerləri dağılıb, iri yanğınlar baş verib. Şəhər meri İqor Terexovun sözlərinə görə, yalnız səhər saatlarında altı yaralı barədə məlumat daxil olub, onların arasında 80 yaşlı qadın və bir neçə gənc kişi var. Bəziləri xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində yardım göstərilib.
Dneprə gündüz hücumu və onlarla yaralı
Rusiyanın pilotsuz uçuş aparatları Dnepr şəhərinə də hücum edib. Rəsmi məlumatlara görə, azı 28 nəfər yaralanıb, bir nəfər isə həlak olub. Zərərçəkənlər arasında 10 yaşlı oğlan və 17 yaşlı qız da var. Şəhər merinin açıqlamasına görə, tibbi mərkəz və uşaq stomatologiyası binası da zədələnib. Prezident Vladimir Zelenski hücumu "gündüz, mülki infrastruktura edilən həyasız zərbə" adlandırıb.
O, bir daha vurğulayıb ki, dünya Rusiyaya qarşı təzyiqləri gücləndirməli, Avropa isə birgə müdafiə sistemi qurmalıdır: "Yalnız birlikdə və qətiyyətlə bu terrorçuları dayandıra bilərik. Rusiya etdiklərinə görə cavab verməlidir". Şahidlərin sözlərinə görə, şəhərin mərkəzində iri yanğınlar baş verib, avtomobillər alova bürünüb, yaralılara isə küçələrdə təcili yardım göstərilib.
Dəmir yolları hədəfdə
Rusiya qoşunları Ukraynanın dəmir yolu infrastrukturunu da intensiv şəkildə atəşə tutmağa davam edir. Son hücum Çerniqov vilayətində baş verib. Nəticədə "Ukrzaliznıtsia" qatarların hərəkətində ciddi gecikmələr barədə xəbərdarlıq edib. Sumı-Lvov marşrutu üzrə qatar yeddi saata qədər gecikib. Bütün Çerniqov və Sumı istiqamətləri ehtiyat dizel lokomotivləri ilə işlədiyi üçün hərəkət qrafiki pozulub. Son həftələr Rusiya dəmir yollarına demək olar ki, hər gecə "Shahed" tipli kamikadze dronlarla zərbələr endirir. Bu, həm sərnişinlərin təhlükəsizliyini, həm də ölkənin logistikasını çətinləşdirir.
Mülki əhali hədəfdə qalır
Rusiyanın son hücumları göstərir ki, Xarkovdan Dneprə, Çerniqovdan Odessa istiqamətinə qədər Ukraynanın dinc şəhərləri və kritik infrastrukturu hədəfə alınır. Onlarla insan yaralanır, bəziləri həyatını itirir. Bununla belə, Ukrayna rəhbərliyi və xalqı inadla mübarizəni davam etdirir, beynəlxalq dəstəyin daha da güclənməsinin vacibliyini vurğulayır. Bu hücumlar bir daha sübut edir ki, Rusiya müharibəsini yalnız cəbhə xəttində yox, həm də şəhərlərdə, dinc insanların həyatında aparır. Lakin Ukraynanın dirənişi, həm orduda, həm də arxa cəbhədə davam edir.