Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Rasim müəllim, Nikol Paşinyan Zəngəzur dəhlizi terminologiyasından narahatlığını daha çox biruzə verməyə çalışır. Baş nazirin bu narahatlığı daxili auditoriyaya hesablanmış addım kimi də dəyərləndirilir. Bəzən də iddia edilir ki, o, Azərbaycana dəhliz yox, sadəcə marşrut xəttinin verildiyini deməyə çalışır. Bu nə dərəcədə məntiqlidir?
- Təbii ki, o, erməni cəmiyyətinə məhz bu mesajı verməyə çalışır. Çünki erməni cəmiyyətində Paşinyana qarşı böyük qınaq var. Ona deyirlər ki, “sən Qarabağı Azərbaycana təhvil verdin, indi isə Zəngəzuru Bakıya təslim edirsən” və s. Baş nazir də indi dəridən-qabıqdan çıxaraq deməyə çalışır ki, bu, belə deyil. Vurğulamağa çalışır ki, ərazi bizimdir və oradakı marşrut Amerikanın nəzarəti altında açılacaq və Zəngəzur dəhlizindən də söhbət getmir. Amma Paşinyanın nə deməsinin heç bir önəmi yoxdur. Azərbaycan üçün əsas olan odur ki, dəhliz açılsın. Onun “Tramp yolu”, “Parlaq yol”, “Sülh yolu” adlanması bizim üçün heç bir əhəmiyyət daşımır. Ermənistan ərazisində Paşinyan bunun adını necə istəyir rəsmiləşdirə və adlandıra bilər. O, heç vaxt Azərbaycana dəhlizin adının Zəngəzur adlandırılması ilə bağlı qadağa qoya bilməz. Sözsüz ki, bu cür yanaşmalar Paşinyana daxili təbliğat üçün vacibdir.

- Zəngəzur dəhlizinin qısa zamanda (Trump marşrutu) açılması istiqamətində ABŞ-nin təsir imkanları nə dərəcədə böyükdür?
- ABŞ Ermənistana “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılması üçün 145 milyon dollar ayırıb. Vəsait Amerikanındırsa, o da işlərin sürətlənməsində maraqlı olacaq. Hazırda orada hazırlıq işləri görülür. Hətta yolun dizaynının dəyişəcəyi də ehtimal edilir. Erməni tərəfi İranla birlikdə orada su elektrik stansiyası üçün bənd tikmək istəyir. Ona görə də köhnə Zəngəruz dəhlizindən fərqli olaraq, yeni yolda başqa istiqamətlər olacaq. Əsas isə yolun Azərbaycanın tələblərinə uyğun formada istismar edilməsidir.
- Gələn il Ermənistanda parlament seçkilərində Paşinyanın komandası qalib gələrsə, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gediləcəyi açıqlanıb. Bu prosesin asanlıqla baş verəcəyi ilə bağlı ilkin ehtimallar nədən ibarətdir?
- Ermənistan üçün konstitusiya dəyişikliyi deyil, yeni konstitusiyanın qəbulu məsələsi gündəmdədir. Paşinyan da bəyan edir ki, “bu heç də Azərbaycanın tələbi ilə baş vermir və biz onsuz da yeni konstitusiya qəbul etməliyik”. Təbii ki, Baş nazirin bunu hansı şəkildə edəcəyinin Azərbaycan üçün heç bir fərqi yoxdur. Əsas amil Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır.
- AŞPA-da Paşinyana Qarabağ erməniləri ilə bağlı ünvanlanan suallara onun cavabı da diqqətdən yayınmadı. Baş nazir bununla hansı mesajı verməyə çalışırdı?
- O, AŞPA-da açıq şəkildə bəyan etdi ki, Qarabağdan gedən ermənilərin yenidən Azərbaycana qayıdışı qeyri-mümkündür. Hətta Paşinyan bunun onlar üçün ziyanlı olduğunu da qeyd etdi. Bu isə Ermənistandakı revanşistlərlə yanaşı Avropa qurumlarındakı ermənipərəst qüvvələrə verilən cavab idi. Çünki məhz bu qüvvələr davamlı olaraq “Qarabağ erməniləri”nin təhlükəsiz şəkildə geri qayıdışına dair absurd iddialarla çıxış edirlər. Paşinyanın AŞPA-dakı çıxışı ilə bu mövzuya son qoyulur.